PAŞA Bank AzerGold şirkətinin istiqraz emissiyasını müvəffəqiyyətlə yerləşdirmişdir

®24 sentyabr tarixində Azərbaycanın aparıcı korporativ bankı, PAŞA Bankın dəstəyi ilə ölkənin kapital bazarlarında AzerGold şirkətinin istiqrazlarının buraxılışı uğurla həyata keçirilib. Bu buraxılış yerli bazarda ilk dəfə ölkə iqtisadiyyatının qeyri-neft sahəsini təmsil edən dövlət şirkətlərinin istiqrazlarının buraxılışı kimi qeyd olundu.

Bazar iştirakçılarının böyük marağına səbəb olan istiqrazların yerləşdirilməsi kütləvi yerləşdirmə metodu ilə həyata keçirilmişdir. PAŞA Kapital investisiya şirkətinin anderrayterliyi ilə həyata keçirilən yerləşdirmədə, istiqrazların planlaşdırılmış 20 mln. ABŞ dolları ümumi həcmidən ilk 10 mln. tranşı həyata keçirilib. İstiqrazların yerləşdirilməsinin müddəti 3 il, kupon ödənişləri – rüblük, hərrəcda irəli sürülə biləcək maksimal kupon faizi təklifi 4% təşkil etmişdir. Hərrac zamanı 40 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 102.8587 (3.00%) olan 88 sifariş təqdim edilmişdir. Auksion nəticəsində ümumi tələb 25 592 000 ABŞ dolları təşkil etmiş, orta illik faiz dərəcəsi 3.38% maksimal faiz həddi isə kəsmə qiymət üzrə 3.71% həcmində qeydə alınmışdır.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu istiqrazların yerləşdirilməsi borc bazarının və ümumilikdə ölkə iqtisadiyyatının inkişafındakı mühüm hadisələrindən biridir.

“AzerGold, Bakı Fond Birjası, PAŞA Bank və PAŞA Kapitalın sıx əməkdaşlığı nəticəsidə ilk dəfə olaraq Azərbaycanın qiymətli kağızlar bazarı tarixində iqtisadiyyatın qeyri-neft sektorunu təmsil edən və eksport yönümündə fəaliyyət göstərən bir dövlət şirkətinin istiqrazları ilk dəfə buraxılıb. Bu, ölkədə investisiyaların cəlb edilməsində və Azərbaycan iqtisadiyyatının real sektorunu təmsil edən həm özəl, həm də dövlət şirkətlərinin inkişafı üçün əlverişli şəraitin yaradıldığını açıq şəkildə nümayiş etdirir. PAŞA Bank olaraq biz əminik ki, belə mühüm istiqraz emissiyasıyaların yerləşdirmələri növbəti iri layihələrə yol açacaq və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına gətirib çıxaracaq”, – deyə T.Kazımov bildirib.

Qeyd edək ki, PAŞA Bankın investisiya bankçılığı xidmətləri borc və səhm kapitalının cəlb olunması, istiqrazların ilkin bazarda yerləşdirilməsi, birləşmələr və qoşulmalar, sindikatlaşdırılmış kreditlərin təşkil olunması və kredit reytinqinin təyin olunması və artırılması üzrə məsləhətçilik xidmətlərini əhatə edir.

Son illər ərzində PAŞA Bankın investisiya bankçılığı istiqamətində və yerli kapital bazarının inkişafı istiqamətində apardığı işlərin nəticələri yüksək qiymətləndirilir və 2017-2018-ci illərdə Bank “EMEA Finance” nüfuzlu beynəlxalq maliyyə nəşrinin “Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı” nominasiyası üzrə beynəlxalq mükafatına layiq görülmüşdür.