“PAŞA Bank” ASC ötən il ərzində 84.25 milyon manatlıq xalis mənfəət açıqlayıb. Bu da 2019-cu illə müqayisədə 29.5% artım deməkdir.
Banker.az bu barədə kommersiya bankının 2020-ci il üzrə özü tərəfindən tərtib edilən hesabatına istinadən xəbər verir.
Bank il ərzində 218.18 mln. manatlıq faiz gəliri, 45.03 mln. manatlıq faiz xərci, 95.21 mln. manatlıq qeyri-faiz gəliri və 143.91 mln. manatlıq qeyri-faiz xərci edib. Nəticədə, “PAŞA Bank”ın əməliyyatı 127.03 milyon manatla tamamlanıb. Kommersiya bankı 14.12 mln. manatlıq aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib ki, bankın vergidən öncəki mənfəətinin 112.91 mln. manat təşkil etmişdir.
“PAŞA Bank” mənfəətindən dövlət büdcəsinə 28.77 mln. manatlıq vergi ödəyib.
84.25 mln. manatlıq illik xalis mənfəət bankın balansında olan bölüşdürülməmiş mənfəətin həcmini 144.11 milyon manata çatdırıb. Qeyd etməliyik ki, bunun 59.85 mln. manatı öncəki ildən qalan bölüşdürülməmiş xalis mənfəət təşkil edib. İlin ikinci rübündə 45.23 mln. manat səhmdarlara dividend ödəyib.
KREDİT VƏ QİYMƏTLİ KAĞIZLAR BAZARINDA AKTİVLİYİ ARTIB
“PAŞA Bank” 2020-ci ildə aktivlərini 745.57 mln. manat, yəni, 15.6% böyütməklə 5 mlrd. 513.02 mln. manata çatdırıb. Aktivlərinin pandemiya olmasına rəğmən bu qədər böyüməsinə əsas səbəb müştərilərə verdiyi kreditlərin portfelini 16.5% 2 mlrd. 95.03 mln. manata və qiymətli kağızlar üzrə portfelin 41.9% 1 mlrd. 556.15 mln. manata qədər yüksəlməsidir.
Bankın cəmi öhdəlikləri il ərzində 15.8% artmaqla 4 mlrd. 971.88 mln. manata qədər yüksəlib. Burada, 4 mlrd. 14.76 mln. manat depozitlər (+12%), 335.02 mln. manatı banklara və maliyyə institutlara yatırılan depozitlər (+17.7%), 307.85 mln. manatı banklar istisna olmaqla digər maliyyə institutlarına verilən kreditlər (+8.5%) olmuşdur.









