Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif (beynəlxalq terminologiyada: IPO – Inital Public Offering) üsulu ilə yerləşdirilməsinə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib.
28 yanvar 2026-cı il tarixində “Four Seasons” otelində keçirilən tədbirdə Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev qeyd edib ki, təşəbbüs maliyyə dayanıqlığının daha da gücləndirilməsi, şəffaflığın artırılması və kapital bazarının inkişafına töhfə vermək məqsədi daşıyır.
Cavid Quliyev bildirib ki, səhmlərin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi Bank üçün növbəti strateji inkişaf mərhələsidir: “IPO prosesinə qoşulan ilk özəl Bank məhz “PAŞA Bank”dır. “Paylaşdıqca, böyüyürük. Birlikdə.” şüarı ilə keçirilən səhmlərinin yerləşdirilməsi, bankımıza daha şəffaf, dayanıqlı və investorlar üçün uzunmüddətli dəyər yaradan bir maliyyə institutu kimi fəaliyyətini genişləndirmək imkanı verir. Hazırkı mərhələdə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin həcmi Bank kapitalının 5 faizinə bərabər olmaqla, 932 926 ədəd adi, adlı səhmdən ibarətdir.”
O, qeyd edib ki, “PAŞA Bank” hər zaman real sektorun etibarlı maliyyə tərəfdaşı olub və bu missiyanı uğurla davam etdirir.
“İllər ərzində dayanıqlı və məqsədyönlü inkişaf bizim səhm bazarına çıxışımıza təkan oldu. Bu addım ölkə iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektorunun inkişafına daha güclü töhfə verməmiz üçün yeni fürsətlər yaradır,” – deyə, Bankın baş icraçı direktoru vurğulayıb.
Qeyd edək ki, “PAŞA Bank” 2007-ci ildə yaradılmış Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir. Fəaliyyətinin əsas məqsədi qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektor bizneslərinin maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. “PAŞA Bank” Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də xidmət göstərir.
Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə “Euromoney”, “International Investor” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən müxtəlif mükafatlarla, o cümlədən “Ən yaxşı KOS bankı” və “World’s Best Private Banks 2025” kimi titullarla təltif olunub. 2025-ci ildə “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
<












