Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BTNQ) “PAŞA Bank” ASC-yə TAİB Bankın səhmlərinin əksəriyyət hissəsinin satın almasına icazə verdi
Azərbaycanın qabaqcıl investisiya və korporativ banklarından biri olan PAŞA Banka Türkiyənin Aksoy Holdinqinə məxsus TAİB Bankın səhmlərinin əksəriyyət hissəsinin satın alınmasına BTNQ tərəfindən müsbət cavab gəldi.
PAŞA Bank İdarə heyəti, Türk bankçılıq sektoruna daxil olmaq üçün müxtəlif alternativləri diqqətlə qiymətləndirdikdən sonra, TAIB Bankın əksəriyyət hissələrinin satın alınması yolu ilə Aksoy Holdinq ilə ortaqlıq qurmağa qərar verdi. Rəhbərliyinin dediyinə əsasən, bu ortaqlığın yaranmasında PAŞA Bank ilə Aksoy Holdinq arasında uzun müddətdir ki özünü isbatlamış qarşılıqlı güvənə əsaslanan münasibətin böyük təsiri oldu. Bu əməkdaşlıq həm PAŞA Bank və həm də Aksoy üçün öz kapital və təcrübələrindən istifadə edərək güvənilir əlaqələrini daha da inkişaf etdirmək üçün nadir bir fürsət oldu.
PAŞA Bank Türkiyədəki fəaliyyətini regional ticarətin inkişaf etdiyi və investisiya axınlarının intensivləşdiyi bir zamanın verdiyi imkanlar üzərində quracaq. Biznesin şəffaflığı və səmərəliliyi prinsiplərinə sadiq qalaraq Bank öz hədəflərini kommersiya, investisiya və özəl bankçılıq müştərilərinə xidmət göstərməyə yönəldəcək. Azərbaycan, Türkiyə və Gürcüstan arasında aktiv iqtisadi fəaliyyəti və mövcud investisiya potensialını nəzərə alaraq, PAŞA Bankın rəhbərliyi Türkiyə bazarına daxil olmanın bankın müştərilərinin maraqlarına cavab verdiyinə əmindir.
PAŞA Bakın İdarə Heyətinin Sədri Fərid Axundov bildirmişdir: “Biz Aksoy Holdinq kimi etibarlı tərəfdaşla əməkdaşlığa başlamaqdan böyük məmnuniyyət duyuruq və Türk şirkətləri ilə daha yaxından çalışmağa hazırıq. Hesab edirik ki, Türkiyə bazarı Azərbaycan, Gürcüstan və ümumiyyətlə regionun digər ölkələrində sərmayə qoyuluşu imkanlarını axtaran kiçik və orta sahibkarlar üçün böyük potensiala malikdir. Eyni zamanda, düşünürük ki, Türkiyədəki layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan sərmayələrinin cəlb edilməsi də Türk bazarında maraq doğuracaq, ki biz də bu prosesdə vasitəçi olmaq istəyirik.
Aksoy Holdinqin Baş Icraçı Direktoru və İdarə Heyətinin Sədr Müavini Batu Aksoy öz növbəsində əlavə etmişdir: “PAŞA Bank ilə tərəfdaşlıq qurmaqdan və bu səfər Türk bankçılıq sektoruna Azərbaycandan yeni bir birbaşa xarici investor gətirməkdən qürur duyuruq. Əminik ki, tərəfdaşlığımız nəticəsində biz həm Türkiyədə, həm də bölgədə böyümək istəyən müəssisələr üçün müvəffəqiyyətli və sağlam təməlləri olan bir korporativ bankçılıq platforması təqdim edəcəyik.”
Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumunun (BTNQ) 26.12.2014 tarixli, 6137 saylı qətnaməsinə əsasən TAİB Bankın 28,795.121.00 Türk Lirəsi həcmində kapitalının “PAŞA Bank” ASC nin mülkiyyətçiliyinə transfer edilməsinə və səhmdar kapitalının 80.000.000 TL dən 255.000.000 TL-yə artırılmaısna icazə verilmişdir. Beləliklə PAŞA Bank TAİB Bankın səhmlərinin 79,9196%-ni satın almışdır. Bu əqdin nəticəsində Aksoy Holdinq A.Ş ‘nin nominal dəyəri 51,000,000.00 TL təşkil edən payı TAİB-in kapitalının 20%-in təşkil edəcək.