7 C
Baku
Wednesday, January 8, 2025

“PAŞA Bank” yerli bazarda iri həcmli sindikat krediti təqdim etdi

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” yerli bazarda mühüm bir sindikat kredit əqdi bağlayıb. 16.3 milyon AZN məbləğində olan bu kredit əqdi yerli tənzimləyici tələblərə uyğun və beynəlxalq standartlara əsasən (LMA standartları) təşkil edilib.

“PAŞA Bank”, təşkilatçı bank qismində çıxış edərək, digər maliyyə institutların iştirakı ilə sindikat kredit vəsaitlərini iqtisadiyyatımızın real sektorunda fəaliyyət göstərən iki şirkətə – “AZƏRMAŞ” ASC və “İRŞAD Electronics” MMC-yə ayırıb.

Bu əqd, Azərbaycan bazarı üçün mühüm yenilik olmaqla yanaşı, yerli maliyyə sektorunun inkişafında böyük bir addımdır.

“PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev bu nailiyyəti belə şərh edib:

“Maliyyə resurslarının əlçatanlığı istənilən biznesin inkişafında əsas amillərdən biridir. Bugünə qədər “PAŞA Bank” alternativ maliyyələşmə və investisiyaların cəlb edilməsi sahəsində bir çox maarifləndirici təşəbbüslər həyata keçirib. Təkcə 2024-cü ildə Bank “Azərbaycanda sindikat kreditləşmə” və “Azərbaycanda alternativ investisiyalarla tanışlıq” adlı tədbirlərə ev sahibliyi edib. Məqsədimiz, yerli maliyyə sektoru ilə investorlar və bizneslər arasında əməkdaşlıq platforması yaratmaqdır.

Bu təşəbbüslərin məntiqi davamı olaraq, yeni beynəlxalq standartlar və müəyyən edilmiş qanunvericilik normalarına uyğun olaraq, bu uğurlu addım atılıb. Əvvəllər kredit məhsullarımızın əsasını ənənəvi maliyyələşmə növləri təşkil edirdisə, indi biz imkanlarımızı şaxələndirərək, korporativ müştərilər və KOS üçün sindikatlaşdırılmış kreditlər cəlb etmək imkanını təqdim edirik.

Bu gün qürur hissi ilə qeyd etmək istəyirəm ki, həyata keçirilən bu əqd, fəaliyyətimizin bu istiqamətdə ilk bəhrəsidir və Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə mühüm töhfə verəcəkdir”, – deyə, C. Quliyev vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər