Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bankı və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” web-portalın birgə təşkilatçılığı ilə “İxracını tamamla” adlı onlayn seminar keçiriləcək.
İşğuzar tədbir “Made in Azerbaijan” brendi adı altında xarici iqtisadi fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə alətlərinə əlçatanlığının stimullaşdırılması məqsədi ilə keçirilir. Seminarda sahibkarlara ixrac prosedurlarının tam başa çatdırılması məqsədi ilə məhsulun qablaşdırılması, gömrük rəsmiləşdirilməsi, məhsulların sertifikatlaşdırılması, daşınması və digər xərclərin qarşılanması zamanı yarana biləcək maliyyə çatışmazlığının aradan qaldırılması üçün bank qarantiyası, beynəlxalq ticarətin maliyələşdirilməsi, faktorinq, akkreditiv və digər maliyyə alətlərindən istifadəyə dair məlumatlar təqdim olunacaqdır.
Tədbirdə iştirak edən işgüzar adamların arasından 10 sahibkar təsadüfi yolla seçilərək aşağıda sadalanan imtiyazlara sahib olmanı təsdiqləyən kupon əldə edəcəklər:
PAŞA Bank tərəfindən 6 ay ərzində 1 dəfəlik istifadə üçün qüvvədə olan imtiyazlar:
- İxracatçı şirkətə hesabın açılması, kart məhsulları və elektron ticarət xidməti üzrə güzəştli şərtlərin təqdim olunması;
- İxracatçı şirkətin maliyyə sahəsi üzrə işləyən əməkdaşlarına bank xidmətləri üzrə təlimin keçirilməsi;
- İxracatçı şirkətə bankın Əmək haqqı/Sığorta/Faktorinq/Akkreditiv/Kredit məhsullarının güzəştli şərtlərlə təqdim olunması.
Azexport.az portalı tərəfindən 6 ay ərzində 1 dəfəlik istifadə üçün qüvvədə olan imtiyazlar:
- İxracatçı şirkətin 2 məhsuluna Sərbəst Satış Sertifikatının ödənişsiz təqdim olunması;
- Şirkətin məhsul və xidmətləri barədə məlumat əks etdirən reklam lövhəsinin Azexport.az portalının əsas səhifəsində 1 ay müddətinə ödənişsiz yerləşdirilməsi;
- İstehsal olunan məhsula dair elektron ticarət platformaları üzərindən bazar araşdırması aparılaraq potensial müştərilərin tapılması;
- İxracatçı şirkətin satış və marketinq şöbəsi əməkdaşlarına elektron ticarət biliklərinin artırılmasına dair təlimin keçirilməsi.
Onlayn seminar 15 iyul 2020-ci il saat 11:00-da “Microsoft Teams” platforma vasitəsi ilə keçiriləcək. Tədbirdə iştirak pulsuzdur. Qeydiyyatdan keçmək üçün www.training.ereforms.org veb-saytına keçid edin.