PAŞA Bankın dəstəyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı növbəti dəfə uğurla keçirilib.
25 iyul 2026-cı il tarixində təşkil olunan festivalın əsas məqsədi tullantıların düzgün idarə olunmasına dair ictimai maarifləndirməni gücləndirmək, resurslardan səmərəli istifadə mədəniyyətini təşviq etmək və təkrar emalın dayanıqlı inkişaf baxımından əhəmiyyətini ön plana çıxarmaq olub.
Festival çərçivəsində iştirakçılar ümumilikdə 5 090 litr plastik, 810 litr şüşə tullantısı və 725 ədəd işlənmiş batareya təhvil verərək onları müxtəlif hədiyyələrlə əvəz ediblər. Tədbir proqramına uşaqlar üçün interaktiv ustad dərsləri və maarifləndirici fəaliyyətlər də daxil edilib. İştirakçılar tullantıların çeşidlənməsi və təkrar emal prosesinin ətraf mühitə təsiri barədə praktiki biliklər əldə ediblər.
2024-cü ildən etibarən mütəmadi olaraq keçirilən festival tullantıların düzgün idarə olunmasının yalnız ekoloji deyil, həm də iqtisadi dəyər yaratdığını nümayiş etdirir. Təşəbbüs eyni zamanda cəmiyyətdə məsuliyyətli istehlak vərdişlərinin formalaşmasına və dairəvi iqtisadiyyat prinsiplərinin təşviqinə töhfə verir.
Qeyd edək ki, PAŞA Bank BMT Qlobal Sazişinin iştirakçısı olaraq dayanıqlı inkişaf prinsiplərini biznes fəaliyyətinin ayrılmaz hissəsi kimi qəbul edir. Bank enerji səmərəliliyi, bərpa olunan enerji, təmiz nəqliyyat, su resurslarının səmərəli idarə olunması və ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi və dəstəklənməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu təşəbbüslər ölkənin yaşıl transformasiya məqsədlərinə töhfə verməklə yanaşı, gələcək nəsillər üçün daha dayanıqlı və sağlam ekosistemin formalaşmasına xidmət edir.












