“PAŞA Bank” ASC nizamnamə kapitalının 354.51 milyon manatlıq hissəsinin təxminən 5 %-ni təşkil edən, hər birinin nominal dəyəri 20 manat olan 932 926 ədəd səhmini hərraca çıxarmağı planlaşdırır.
Banker.az xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev məlumat verib.
Onun sözlərinə görə, bu göstərici “PAŞA Bank”ın maliyyə dayanıqlığı və gələcək gəlir potensialı nəzərə alınmaqla müəyyən edilib. Bildirilib ki, səhmdarların qərarı və İdarə Heyətinin tövsiyəsi əsasında bank öz sərvətinin bir hissəsini potensial investorlarla – əsasən fiziki şəxslərlə bölüşməyi planlaşdırır.
Bununla yanaşı, sədrin bildirdiyinə görə əsas məqsədlərdən biri də Azərbaycanda kapital bazarlarının inkişafına və aktivliyinin artmasına töhfə verməkdir.
“PAŞA Bank” ABB-dən sonra Azərbaycanın fond bazrına IPO şəkilində səhmlər çıxaran ikinci təşkilat kimi tarixə düşəcək.
“Bu göstərici “PAŞA Bank”ın maliyyə dayanıqlığını və gələcək gəlir potensialını nəzərə almaqla formalaşdırılıb. Bankın səhmdarlarının qərarı və İH-nin tövsiyəsi ilə bu sərvətimizin bir hissəsini potensial investorlarla – fiziki şəxslərlə bölüşməyi planlaşdırırıq. Eyni zamanda, digər mühüm məqsədimiz Azərbaycanda kapital bazarlarının inkişafına və böyüməsinə dəstək verməkdir, bazarın daha aktiv olmasına öz faydamızı verməkdir”, – deyə C. Quliyev vurğulayıb.
O, həmçinin IPO ilə bağlı formalaşmış bəzi yanlış təsəvvürlərə də toxunub. Bildirib ki, səhm satışı prosesinin yalnız iri və imkanlı investorlar üçün nəzərdə tutulduğu fikri doğru deyil və “PAŞA Bank”ın yerli IPO-su tam əks yanaşmanı hədəfləyir.
“Burada bir məsələni xüsusi qeyd eləmək istərdim. Bəzən belə düşünülür ki, səhm satışı, IPO prosesi yalnız iri və imkanlı investorlar üçündür. Əslində bizim yerli IPO bunun tam əksini nəzərdə tutur. Biz istəyirik ki, bu proses pərakəndə investorlar, yəni fiziki şəxslər üçün, əhali üçün əlçatan olsun. İnsanlar kiçik məbləğlərlə yerli banklar və yerli broker tətbiqləri vasitəsilə bu prosesdə iştirak edə bilsinlər. Bu, fiziki şəxslərə depozitlər və istiqrazlarla yanaşı, ölkənin uzunmüddətli iqtisadi inkişafında pay sahibi olmaq imkanı yaradır. Eyni zamanda, biz bunu maliyyə savadlılığı baxımından da vacib mərhələ hesab edirik. Səhmlərin yerləşdirilməsi prosesi bankın uzunmüddətli və dayanıqlı inkişafını, şəffaflığını və maliyyə dayanıqlığını gücləndirməyi və Azərbaycan iqtisadiyyatına töhfə verməyi hədəfləyir”, – deyə o əlavə edib.
Səhmlərin alınması PAŞA Bank, BirBank, Birİnvest platformaları, PAŞA Kapitalın, eləcə də digər investisiya şirkətlərinin tətbiqləri və PAŞA Bank-ın mobil tətbiqi vasitəsilə mümkün olacaq. Eyni zamanda, PAŞA Bank və Kapital Bank-ın, BirBank filial şəbəkəsi vasitəsilə də səhmlərin əldə edilməsi təmin ediləcək.







