7 C
Baku
Friday, February 13, 2026

“PAŞA Həyat” 2025-ci ildə xalis investisiya gəlirlərini 50 mln. manatın üzərinə qaldırıb

“PAŞA Həyat Sığorta” ASC 2025-ci ildə 50.44 milyon manat xalis investisiya gəliri əldə etməklə əvvəlki ili xeyli üstələyib.

Banker.az xəbər verir ki, 2024-cü ildə xalis investisiya gəliri 43.74 mln. manat olub və bu göstərici portfel üzrə illik 15% artım deməkdir.

Həyat sığortaçısının səhmlər üzrə dividend və qiymətli kağızlar üzrə faiz gəlirləri ümumilikdə 44.45 mln. manatdan 50.83 mln. manata yüksəlib. 2025-ci ildə gəlirlərin 1.5 mln. manatı səhmlər üzrə dividenddən (əvvəlki illə müqayisədə eyni), 38.24 mln. manatı isə istiqrazların faiz gəlirlərindən (2024: 35.87 mln. manat) daxil olub. Depozit gəlirləri isə 7.09 mln. manatdan 11.09 mln. manata yüksəlib.

“PAŞA Həyat”ın 2025-ci il üzrə investisiya portfeli 556.11 mln. manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 22.6% azalma deməkdir. Portfeldə əsas pay istiqrazlara məxsusdur – 442.90 mln. manat. Dövlət istiqrazlarına yatırımlar 321.71 mln. manat olub və illik müqayisədə 44.0% azalıb.

Burada vacib məqam ondan ibarətdir ki, dövlət istiqrazlarını buraxan iki qurum – Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı emissiya həcmlərini ötən il kəskin azaltmışdılar. Hətta Maliyyə Nazirliyi yeni nazir təyin olunduqdan sonra təxminən 9 ay ərzində heç bir istiqraz buraxmayıb. Bu amil sığorta şirkətinin portfelində də mühüm paya malik olduğundan azalmaya təsir göstərib.

Eyni zamanda, qeyri-dövlət istiqrazlarına investisiyalar 121.19 mln. manata yüksələrək təxminən 2 dəfə artıb. Şirkətin depozit portfeli 101.95 mln. manat təşkil edib və 9.5% artım göstərib. Səhmlərə yatırımlar 10.13 mln. manat səviyyəsində sabit qalıb. Digər investisiyalar isə 0.72 mln. manata çataraq artım nümayiş etdirib.

Son xəbərlər
Digər xəbərlər