“PAŞA Holdinq” Gürcüstanda və Türkiyədə əməliyyatlar aparan “PASHA Bank Georgia” və “PASHA Bank Turkey” törəmə bankların valyuta məzənnəsi dəyişikliklərin təsirindən irəli gələn xərcləri qarşılamaq iqtidarındadır.
Bu barədə “PASHA Bank” ASC-dən bildirilib.
Xatırladaq ki, dünən “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi “PAŞA Bank”ın fəaliyyətini qiymətləndirilməsi ilə bağlı məlumat dərc etmişdir.
“Qeyd etmək istərdik ki, “PAŞA Holdinq” rekonsolidasiya ilə bağlı heç bir bəyanat yaymayıb. Odur ki, bir daha vurğulayırıq ki, reytinq agentliyinin hesabatında əksini tapan məlumatlar anlaşılmamazlıqdan irəli gəlib və heç bir əsasa malik deyil. Bu məqam “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin ekspertlərinin diqqətinə çatdırılıb və qurumun rəsmi açıqlamasında düzəliş edilərək, yenilənmiş məlumat qeyd olunub”, – bankdan bildirilib.
Eyni zamanda, beynəlxalq reytinq agentliyi vurğulayır ki, güclü bazar mövqeyinə malik olan “PAŞA Bank” 2019-cu ilin oktyabr ayının sonuna korporativ kreditləşmə seqmentində bazar payını 18,6%-ə çatdırıb. Beynəlxalq ekspertlər hesab edirlər ki, 2020-ci ildə “PAŞA Bank”ın bazar payı 22% – 24%-ə çata bilər.
©Report