Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərarına əsasən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin inzibatçısı barəsində maliyyə sanksiyası tətbiq edilmişdir.
Bu barədə “PAŞA Kapital İnvestisiya Şirkəti”ndən Banker.az-a daxil olan məlumatda bildirilir.
Maliyyə sanksiyası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsaslanır. Belə ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tələblərinə əsasən, Şirkət daxili nəzarət funksiyasını yerinə yetirməli idi. Yoxlama nəticəsində 2021-2022-ci il dövrləri üçün daxili təlimlərin aparılmadığı və audit yoxlamanın vaxtında keçirilmədiyi aşkarlanmışdır. Burada əsas addımlardan biri vaxtaşırı daxili audit yoxlamasını həyata keçirmək və zəruri təlimlər təşkil etməkdir.
Qeyd edilib ki, adıçəkilən pozuntunun qanunvericilikdə nəzərdə tutulan təhlükəli fəaliyyət növləri ilə hər hansı əlaqəsi yoxdur. Tətbiq edilən cərimənin məbləği isə 2,000 (iki min) manat təşkil edir. Bu pozuntu və cərimənin Şirkətin cari fəaliyyətinə və müştərilər ilə münasibətlərinə heç bir neqativ təsiri olmayıb, həmçinin tənzimləyici quruma təqdim edilən prudensial hesabatlıqda nöqsan kimi əks olunmayıb. Şirkət belə halın təkrarlanmaması üçün bütün zəruri tədbirləri görmüşdür.