-1 C
Baku
Sunday, December 15, 2024

Paşa Kapital şirkətinin direktor müavini ilə müsahibə

Korporativ istiqrazlar iri şirkətlər tərəfindən biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün ən çox istifadə olunan borclanma vasitəsi olmaqla qlobal borc kağızları bazarının üçdə birini təşkil edir. Azərbaycanda korporativ borc kağızları bank kreditləri ilə müqayisədə əhəmiyyətli dərəcədə az istifadə olunsa da son bir neçə ildə bu istiqamətdə müəyyən canlanma müşahidə olunur. Yerli bizneslərin spesifik olaraq bu borclanma vasitəsindən faydalanma imkanları və korporativ istiqrazların üstünlükləri barədə PAŞA Kapital İnvestisiya Şirkətinin direktor müavini Ruslan Xəlilov ilə qısa müsahibə apardıq.

— İlin lider investisiya şirkəti olmaqla yanaşı PAŞA Kapital İnvestisiya Şirkəti həm də 2021-ci ili bir çox uğurlu korporativ istiqrazların anderrayteri kimi tamamladı. İstiqraz emissiyası şirkətlərə nə kimi üstünlüklər verir və hansı şirkətlər istiqraz buraxılışı edə bilərlər?

Qeyd etdiyiniz kimi PAŞA Kapital İnvestisiya Şirkəti 2021-ci ili bir çox uğurlu korporativ istiqrazların anderrayteri kimi tamamlamışdır. Bunlardan Azərbaycan Supermarket MMC, Silkvey Vest Aviaşirkəti MMC, Unibank ASC və Bank Respublika ASC-nin emisssiyalarını xüsusi qeyd etmək olar. İstiqrazlar bank kreditlərinə alternativ olub şirkətlər üçün borc maliyyələşməsinin cəlb edilməsi rolunu oynayır. Adətən güclü maliyyə dayanıqlığı və stabil biznes tarixçəsi olan şirkətlər istiqraz buraxılışı ilə daha əlverişli şərtlərlə, o cümlədən daha aşağı faiz dərəcəsi ilə borc vəsaitləri cəlb edirlər. Bu cür şirkətlərin maliyyə və biznes vəziyyətləri onlara geniş investor kütləsinə çıxmağa və normalda bank krediti ilə cəlb edə biləcəyi faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə borc cəlb etməyə imkan verir. Digər tərəfdən sözügedən şirkətlər istiqraz emissiyası şərtlərini qanunvericilik çərçivəsində özləri təyin edir və kredit borclanmasından fərqli olaraq sərt maliyyə kovenantları və bank tərəfindən təyin olunmuş digər məhdudiyyətlərə əməl etmək məcburiyyətində qalmır. İstiqrazların kreditlərdən fərqli olaraq kapital bazarında ticarət oluna bilməsi və hərraclarda onları məhdudiyyətsiz olaraq hər kəsin əldə edə bilməsi imkanı borcalanın (emitentin) kredit riskinin bir neçə investor arasında bölüşdürülməsinə və bu risklərinin lazım gəldikdə təkrar bazar əqdləri vasitəsi ilə digər investorlara ötürülməsi üçün şərait yaradır. Onu da qeyd edim ki, istiqraz emitenti özü kredit risklərini azaltmaq məqsədi ilə istiqrazları təmin edilmiş formada da buraxa bilər. İstiqrazların təminatı qismində daşınar və daşınmaz əmlak, habelə digər şəxsin emitentə verdiyi qarantiya çıxış edə bilər. Yəni bank kreditlərində olduğu kimi, istiqrazlar üzrə də kredit risklərinin təminat hesabına azaldılması mümkündür.

— Qeyd etdiniz ki, istiqraz emissiyası zamanı şirkətlər kredit faizlərindən daha aşağı dərəcə ilə vəsait cəlb edirlər. Bu necə mümkün olur?

İlk öncə onu deyim ki, bu heç də hər şirkətə müyəssər olmur. İstiqraz satışının ən başlıca uğur faktoru məhz aşağı faiz dərəcəsi ilə vəsaitin cəlb edilməsidir. Yerli qanunvericiliyə əsasən şirkətlər istiqraz emissiyasını iki üsulla həyata keçirə bilərlər: Qapalı və Kütləvi təklif üsulu ilə yerləşdirmə. Qapalı yerləşdirmə zamanı şirkətin istiqrazları əvvəlcədən razılaşdırılmış qaydada və öncədən bağlanmış alqı-satqı müqaviləri əsasında  məhdud sayda investor çevrəsinə satılır və nəticələr ictimaiyyətə açıqlanmır.  Kütləvi təklif üsulu ilə yerləşdirmə zamanı şirkətin istiqrazlarının satışı açıq hərrac üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə həyata keçirilir. Bu cür yerləşdirmədə şirkət vəsait cəlb etmək istədiyi maksimal borclanma faizini bildirə bilər. Rəqabətli hərracla investorlar şirkətin verə biləcəyi maksimal borc faizindən aşağı faizlərlə də öz borc təkliflərini verə bilərlər. Vəsait cəlb etmək istəyən şirkətin biznes tarixçəsi və maliyyə göstəriciləri nə qədər dayanıqlı və sağlamdırsa həmin şirkətin istiqrazlarına bir o qədər çox investor marağı və təbii olaraq hərrac zamanı yüksək rəqabət yaranır. Bu zaman investorlar sanki şirkətə borc vermək üçün hər biri daha aşağı faiz təklif etməklə bir biri ilə rəqabət aparırlar və nəticədə hərracdan alınan ortalama istiqraz faizi şirkətin normalda bank kreditinə ödəyə biləcəyi faiz dərəcələrindən də aşağı ola bilir.

— Bütün bu rəqabətli hərracların təşkil olunmasında və şirkətlərin istiqraz buraxılışının uğurlu nəticələnməsində PAŞA Kapital şirkətinin rolu nədən ibarətdir?

Biz bir komanda olaraq istiqraz emissiyasının uğurlu nəticələnməsində potensial emitent şirkətin biznesinin və maliyyə göstəricilərinin investor kütləsinə doğru təqdimatının əhəmiyyətini çox yaxşı anlayırıq. İnvestorlar adətən yatırım etmək üçün gəlirli və az riskli investisiya alternativlərini nəzərdən keçirir. Bu konteksdə gəlir və risk meyarlarının düzgün balanslaşdırılması çox vacibdir. PAŞA Kapital emitent şirkətlərin maliyyə dayanıqlılığını təhlil edərək investorlarla ünsiyyət qurur və şirkətin biznes və maliyyə vəziyyəti barədə ətraflı təqdimat etməklə maraqlı investorlarda gəlir və risk komfortunu yaratmağı bacarır. Hər hansı şirkətin istiqrazlarını emissiya qeydiyyatına göndərməzdən əvvəl biz geniş investor kütləsi ilə həmin istiqrazlar barədə təqdimatlar, müzakirələr aparır və açıq rəqabətli hərrac keçiriləcəyi təqdirdə potensial investor marağının nə olacağını proqnozlaşdırırıq. Əldə etdiyimiz proqnozlar əsasında istiqraz emissiyasının şərtlərini strukturlaşdırır və emissiyanın qeydiyyatdan keçirilməsindən tutmuş son hərrac nəticələrinin alınmasına qədər emitent şirkətin dəstəkçisi oluruq.

Son xəbərlər
Digər xəbərlər