Azərbaycanda qeyri-həyat sığorta bazarının ən iri payçısı “PAŞA Sığorta” ASC-də növbəti təyinat baş tutub.
Banker.az xəbər verir ki, Coşqun İmanquliyev Baş insan resursları inzibatçı təyin edilib.
C.İmanquliyev bundan əvvəl “PAŞA Həyat” Sığorta Şirkətində eyni vəzifədə çalışırdı. İmanquliyev “PAŞA Sığorta”ya ilk transfer deyil. Buna qədər İdarə heyətinin sədri də daxil olmaqla departament direktorları və şöbə müdirlərinə qədər bir sıra rotasiyalar olub..
“PAŞA Sığorta”da Baş insan resursları inzibatçısının kurasiyasında “Lean Agile” ofisi və İnsan resursları və daxili kommunikasiya departamenti var.
2008–2011-ci illərdə “DIA Holding”də İnsan resursları şöbəsində rəhbər vəzifə tutub. Daha sonra 2011–2012-ci illərdə “Milla” şirkətində insan resursları meneceri, 2013–2016-cı illərdə “NORM” şirkətində təşkilati inkişaf və insan resursları komandası rəhbəri kimi fəaliyyət göstərib. 2016–2017-ci illərdə “Gilan FMCG” MMC-də insan resursları üzrə qrup meneceri kimi çalışaraq holdinqin bütün insan resursları strukturuna rəhbərlik edib.
2017–2023-cü illərdə “PAŞA Həyat”da İnsan Resursları və Korporativ Kommunikasiyalar Direktoru vəzifəsində olub və şirkətin liderlik inkişafı, mədəniyyət transformasiyası və rəqəmsal HR təşəbbüslərinə rəhbərlik edib. 2023–2025-ci illərdə isə “PAŞA Həyat”da Baş insan resursları inzibatçı kimi fəaliyyət göstərib.
O, Bakı Mühəndislik Universitetində beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi əldə edib (2003–2007). 2019–2020-ci illərdə Duke Universitetində strateji icra proqramını tamamlayıb.








