®Ölkədə İT sahəsinin inkişafına dəstək verməyə və bu sahədə bacarıqlı kadrları üzə çıxarmağa yönələn “PASHA Bank Cup IV” müsabiqəsinin ikinci mərhələsi başa çatıb. 10-13 iyun tarixlərini əhatə edən və “Axtarış və sıralama” mövzusuna həsr olunan bu mərhələdə 100-ə yaxın iştirakçı öz qüvvəsini sınayıb. Rəşad Məmmədov və İbrahim Tağızadə 100 %-lik nəticəyə imza atıblar. 11 iştirakçı isə 50 %-dən yüksək nəticə göstərib.
Tezliklə yarışmanın üçüncü mərhələsi baş tutacaq. “Dinamik proqramlaşdırma” mövzusuna həsr olunan bu mərhələdə istənilən şəxs öncədən təqdim edilən keçid vasitəsilə yarışa qatıla və birincilik uğrunda mübarizəyə qoşula biləcək.
Xatırladaq ki, 2019-cu ildən etibarən keçirilən “PASHA Bank Cup” yarışmasında müxtəlif yaşlarda olan proqramçıların iştirakı nəzərdə tutulub. Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bu yarışmanı keçirməklə, iştirakçılara yeni fundamental biliklər əldə etmək, bacarıqlarını genişləndirmək və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün əlverişli imkan yaradır.
Müsabiqənin rəsmi Teleqram kanalına https://t.me/digitalengineer qoşulmaqla, ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq mümkündür.