“PASHA Holding”in Gürcüstandakı törəmə bankı “PASHA Bank Georgia” Səhmdar Cəmiyyəti 2025-ci ilin ilk doqquz ayında 1.2 milyon lari və ya cari məzənnə ilə 426 min ABŞ dolları həcmində xalis mənfəət əldə edib.
Banker.az bunu törəmə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Faiz gəlirləri 38.8 milyon lari səviyyəsində formalaşıb, illik müqayisədə 6.1% artıb. Faiz xərcləri isə 21.3 milyon lari olub və bu göstərici ötənilki 16.4 milyon lari ilə müqayisədə 30% artım göstərib. Nəticədə xalis faiz gəliri 17.4 milyon lari olub.
İnzibati xərclər yüksək səviyyədə qalmaqda davam edib və 16.3 milyon lari təşkil edib. Ən böyük payı 15.4 milyon lari ilə əmək haqqı xərcləri tutub.
AKTİVLƏR BÖYÜYÜR…
“PASHA Bank Georgia”nın cəmi aktivləri 1 oktyabr 2025-ci il tarixinə 639 milyon lari təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 612 milyon lariyə qədər artım deməkdir. Beləliklə, aktivlərdə təxminən il ərzində 4,5% artım müşahidə olunub.
Törəmə bankın kredit portfeli illik müqayisədə illik 6% artımla 364 milyon lariyə yüksəlib.
Cəmi öhdəliklər 513 milyon lari səviyyəsində olub, ötən ilin 494 milyon lari ilə müqayisədə 3,9% artımdır. Öhdəliklərdə əsas pay depozitlərə aiddir ki, bunlar da 410 milyon lari təşkil edir. Bankın subordinasiya olunmuş öhdəlikləri isə 33 milyon lari təşkil etməklə sabit qalıb.






