Azərbaycanın ən iri korporativ bankı “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinin vəziyyəti yaxşılaşmaqda davam edir. “PASHA Bank Georgia” 2023-cü il üzrə 1.7 mln. lari həcmində xalis mənfəət açıqlayıb.
(həmin tarixə 1 ABŞ dolları= 2.6648 lari)
Banker.az bankın illik maliyyə hesabatına istinadla xəbər verir ki, bank 2023-cü ildə 53.3 mln. lari ekvivalentində faiz gəlir əldə etməklə 2022-ci ili 23 faiz üstələmiş oldu.
Törəmə bankın qeyd edilən müddətə qədər zərər edirdi və əsasən də yerli valyuta ilə olan əməliyyatlarda bu baş verirdi. Məsələn, 2022-ci ildə bank 2.09 mln. lari zərər etmişdi.
Yeri gəlmişkən, bankın bu bazarında yerli valyuta geosiyasi səbəblərdən xeyli dəyər qazanıb. 2022-ci ilin əvvəli dollara qarşı 3.1500 lari səviyyəsində olduğu halda, qeyd edilən ilin sonuna 17 faiz dəyər qazanaraq 2.6200 lariyə yüksəlib. Hazırda bir dollar 2.6572 lari səviyyəsindədir. Bu özü də dünyada dolların bahalaşdığı bir zamanda baş tutub. Məsələn, avro/dollar cütlüyü 2022-ci ilin əvvəli 1.12 səviyyəsində ticarət edildiyi halda, məzənnə paritet səviyyəyə baş vurduqdan sonra cari ildə 1.08 ətrafında ticarət edilməkdədir.
“PASHA Bank Georgia” 2023-cü il ərzində aktivlərini 15.62 mln. lari və ya 3 faiz artırmaqla 519.09 mln. lariyə qədər böyüdüb. Artıma əsas səbəb onun yerli valyutadakı aktivlərini yüksəltməsidir. Belə ki, bankın laridəki aktivləri son bir ildə 12 faiz artım sərgiləməklə 247.78 mln. lariyə çatıb. Laridə olan qiymətli kağızları bank üçün daha cəlbedici olub. Laridəki qiymətli kağızlar üzrə portfel son bir ildə 55 faiz artırılaraq 56.22 mln. lariyə çatıb. Bankın cəmi qiymətli kağızlar üzrə portfeli 65.23 mln. lari təşkil edir. Onun müştərilərə verdiyi kreditlərin həcmi 336.1mln. lari olmaqla öncəki ildən 5 faiz kiçilib.
“PASHA Bank Georgia” hesabat ilinin sonuna 422.4 mln. lari olduğunu açıqlayıb. Bunun 382.13mln. larisi depozitlərdir.
“PAŞA Bank Georgia” 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 129 milyon laridir (81.8 milyon manat).