10 C
Baku
Friday, December 13, 2024

“PASHA Bank Georgia”nın aktivləri yarım milyardı keçdi, ili mənfəətlə bitirdi

Azərbaycanın ən iri korporativ bankı “PAŞA Bank” ASC-nin Gürcüstan törəməsi “PASHA Bank Georgia” SC 2023-cü il üzrə audit hesabatını açıqlayıb. Hesabatı “BigFour”a daxil olan nüfuzlu “E&Y” audit şirkəti aparıb.

Banker.az xəbər verir ki, 2023-cü ildə törəmə bank cəmi faiz gəlirlərini 25.3 faiz artırmaqla 54.25 milyon lariyə yüksəldib. Hesabata əsasən, gəlirlərin 42.6 mln. larisi kreditlər üzrə faizlərdən əldə edilib.

“PASHA Bank Georgia”nın 19.02 mln. lari faiz xərcləri, 11.92 mln. lari qeyri-faiz gəlirləri və 40.37 mln. lari qeyri-faiz xərcləri olub.

Beləliklə, törəmə bank 2023-cü ildə 1.7 mln. lari xalis mənfəət əldə edib. Halbuki öncəki ildə 2.26 mln. lari zərər etmişdi.

(30.12.2023: 1 ABŞ dolları=2.66 Gürcü larisi, 1 lari=0.6278 manat)

Törəmə bankın aktivləri 3 faiz artmaqla 532.37 mln. lari təşkil edib. Bu aktivlərin 336.11 mln. larisi müştərilərə verilmiş kredit, 65.23 mln. larisi isə qiymətli kağızlara investisiyalardır.

Bank ötən il müştərilərdən cəlb etdiyi əmanətlərin həcmini 6.2 faiz artırmaqla 288.85 mln. lariyə çatdırıb.

Xatırladaq ki, kommersiya bankı qonşu Gürcüstan bazarına 2023-cü ildən daxil olub və onun 136.8 mln. lari nizamnamə kapitalı var. Bankın əsas ana şirkəti Azərbaycanda fəaliyyətdə olan “PAŞA Bank” ASC-dir. Lakin bankın ötən il yeni səhm emissiyasında əsas qrup “PASHA Holding” MMC iştirak edib və beləliklə, onun payı 14.64 faizə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər