Ermənistan Respublikası AİB-in xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişləndirilməsinə xüsusi əhəmiyyət verir və bu sahəni Birliyin qlobal iqtisadiyyatdakı rolunun daha da gücləndirilməsində əsas amil hesab edir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçirilən Avrasiya İqtisad Birliyinin Hökumətlərarası Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, yeni azad ticarət sazişlərinin bağlanması təkcə dialoqu intensivləşdirməklə yanaşı, həm də AİB-in rəqabət qabiliyyətinin artmasına töhfə verir və regionda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açır.
“İqtisadi əməkdaşlığın digər vacib elementi nəqliyyat və logistika sektorudur. Nəqliyyat infrastrukturunun şaxələndirilməsi ticarət dövriyyəsinin artmasına əlavə təkan verə bilər.
Bu kontekstdə qeyd etmək istərdim ki, regionda baş verən müsbət dəyişikliklər iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar açır. Regional kommunikasiyaların açılması bölgədə iqtisadi dayanıqlılığın gücləndirilməsi üçün mühüm amilə çevrilə bilər. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan ərazisindən Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsinə dair qərarını alqışlamaq istərdim. Bu, regionumuzda sülhün və sabitliyin bərqərar olmasında əldə edilən mühüm nailiyyətlərdən biridir”, – baş nazir qeyd edib.








