“Biz ilin sonunadək razılaşmaya nail ola bilərik”
“Prinsipcə, hələ bir müddət bundan əvvəl mən demişəm ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər”.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.
Prezident, “Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır” deyərək sözlərinə belə davam edib:
“Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik. Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin – nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”.
“Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq”
İlham Əliyev qeyd edib ki, bizim daxili məsələlərə gəlincə, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz:
“Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”.
“Bu gün mən Ermənistanın baş nazirinə müraciət edəndə, yenə də cavab ala bilmədim”
Azərbaycan Prezidenti vurğulayıb ki, sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır:
“Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq. Əlbəttə ki, kommunikasiyaların açılması – bu, mümkün sülh müqaviləsinin hissəsi deyil, bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli də deyil, çünki orada o qədər də böyük sahə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun. Buna görə də bu suallar fikrimcə, ölkə rəhbərləri səviyyəsində noyabrda planlaşdırılan Brüssel görüşünün gündəliyində də, xarici işlər nazirlərinin tarixi hələ müəyyən edilməyən görüşündə də, bu ay Brüsseldə bizim təklifimizlə təşkil olunacaq delimitasiya üzrə görüşlərdə də üstünlük təşkil edəcək”.