Rusiya Tayvan, Sincan, Tibet və Honq Konq məsələlərində Pekini dəstəkləyir.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici işlər naziri Vanq İ ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Rusiya və Çini cilovlamaq üçün kollektiv Qərbin başlatdığı kampaniya kontekstində beynəlxalq arenada Moskva-Pekin koordinasiyasının və əməkdaşlığın daha da dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir:
“Bu kontekstdə Qərbin Çini gözdən salmaq üçün istifadə etdiyi Tayvan, Sincan, Tibet və Honq Konq məsələlərində Pekinə davamlı dəstəyimizi bir daha təkrar etmək istərdim. Rusiya və Çinin müasir dünya nizamının prinsipial məsələlərinə və əsas beynəlxalq problemlərə, o cümlədən fundamental bərabərlik və təhlükəsizliyin bölünməzliyi prinsipinə, öz milli maraqlarını və müstəqil inkişaf yolunu müdafiə etmək istəyinə yanaşmalarının üst-üstə düşməsi və ya yaxın olması vacibdir”, – deyə Patruşev vurğulayıb.