13 C
Baku
Monday, December 1, 2025

Pavel Durov AI hesablamaları üçün mərkəzləşdirilməmiş “Cocoon” şəbəkəsini istifadəyə verib

“Telegram”ın həmtəsisçisi Pavel Durov konfidensial süni intellekt hesablamaları üçün yaradılmış mərkəzləşdirilməmiş “Cocoon” şəbəkəsini (Confidential Compute Open Network) artıq istifadəyə verdiyini açıqlayıb.

“Bizim mərkəzləşdirilməmiş konfidensial hesablama şəbəkəmiz Cocoon artıq işə düşüb. İstifadəçilərin süni intellektə yönəlmiş ilk sorğuları artıq 100% məxfiliklə Cocoon tərəfindən emal olunur. Qrafik prosessor sahibləri artıq TON qazanırlar”, — deyə o, “Telegram” kanalında yazıb.

Durovun sözlərinə görə, “Amazon” və “Microsoft” kimi mərkəzləşdirilmiş hesablama təchizatçıları baha vasitəçilər rolunu oynayır, qiymətləri artırır və məxfiliyi azaldır. “Cocoon” layihəsi isə süni intellektlə işləyən ənənəvi hesablama provayderləri ilə bağlı həm iqtisadi, həm də məxfilik problemlərini həll edir.

“Gələn bir neçə həftə ərzində biz qrafik prosessorların təchizatını artıracağıq və Cocoon üçün tərtibatçılardan gələn tələbi yüksəldəcəyik. Telegram istifadəçiləri 100% məxfiliyə əsaslanan yeni süni intellekt funksiyalarını gözləyə bilərlər”, — deyə o bildirib.

Oktyabr ayının sonunda Durov mərkəzləşdirilməmiş “Cocoon” layihəsini anons etmişdi. Layihə qrafik prosessor sahiblərinə öz hesablama güclərini “Toncoin” mayninqi üçün təqdim etməyə imkan verəcək. Desentralizə edilmiş şəbəkənin işini GPU-maynerlər təmin edəcək və onlar “Toncoin” kriptovalyutası ilə mükafatlandırılacaqlar.

Son xəbərlər
Digər xəbərlər