17 C
Baku
Thursday, October 16, 2025

“Paxos” şirkəti səhvən $300 trilyonluq “PayPal” steyblkoini buraxıb

“Paxos” şirkəti səhvən “PayPal USD” (PYUSD) steyblkoinində 300 trilyon dollar dəyərində token buraxıb. Emitent hadisəni texniki nasazlıqla izah edib və problemin artıq aradan qaldırıldığını bildirib.

“Paxos daxili köçürmə zamanı əlavə PYUSD buraxıb. Səhv dərhal aşkar edilib və tokenlər artıq silinib. Bu, daxili texniki səhv olub. Heç bir hücum və ya təhlükə yoxdur. Müştəri vəsaitləri tam təhlükəsizdir”, — deyə şirkət “X” sosial şəbəkəsində yazıb.

Hadisə qısamüddətli olaraq bəzi “DeFi” platformalarının (mərkəzləşdirilməmiş maliyyə xidmətləri) fəaliyyətinə təsir edib. Xüsusilə “Aave” protokolu ehtiyat tədbiri olaraq PYUSD bazarlarını müvəqqəti dondurub.

Jurnalistlərin qeyd etdiyinə görə, 300 trilyon dollarlıq bu məbləğ ABŞ-nin 37 trilyon dollarlıq dövlət borcunu və hətta təxminən 117 trilyon dollarlıq qlobal ÜDM-i dəfələrlə üstələyir.

“PayPal USD” 2023-cü ilin avqustunda istifadəyə verilib. 16 oktyabr tarixinə görə, onun bazar dəyəri təxminən 2,6 milyard dollardır (“CoinMarketCap” məlumatına əsasən).

PYUSD bütün kriptovalyutalar arasında 40-cı, steyblkoinlər arasında isə 6-cı yerdədir. O, hələ də bazarın liderləri olan “Tether”in USDT-si ($181 mlrd) və “Circle”nin USDC-si ($76 mlrd) ilə müqayisədə xeyli geridə qalır. Ümumilikdə steyblkoin bazarının kapitalizasiyası 316 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər