Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin oktyabr ayından etibarən cari ilin mart ayınadək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının sahibi olan 58.024 ailəyə dövlət vəsaiti hesabına çıxarış verilib, 384.760 dövlət aktı isə çıxarışla əvəz edilib.
Qeyd edək ki, “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanın 2.1-ci bəndinə ölkə başçısı tərəfindən 28 fevral 2025-ci ildə dəyişiklik edilib.
Belə ki, adıçəkilən Fərmanın öncəki redaksiyasında 2025-ci ilin yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilməsi nəzərdə tutulmuşdur. Lakin müvafiq dəyişikliklə bu müddət 2027-ci ilin yanvarın 1-dək uzadılıb.