Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 2021/2022-ci il payızlıq əkinlərə görə 159.5 min fermerə ümumilikdə 61 836 milyon manat subsidiya ödəyib.
Banker.az xəbər verir ki, subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının “Fermer kartı”na köçürülüb. Qanunvericiliyə uyğun olaraq, fermerlər karta köçürülmüş vəsaitin 25 %-ni bankomatlar vasitəsilə nağdlaşdıra, 75 %-ni isə qeyri-nağd şəkildə gübrə, pestisid, herbisid, toxum və digər kənd təsərrüfatı istehsal vasitələri almaq üçün sərf edə bilərlər.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022-ci il mövsümündə taxıl əkinlərinin hər hektarına görə fermerlərə 210 manat subsidiya ödənilir. Bu gün ödənilən subsidiyalar təxminən 300 min hektara yaxın əkin sahəsini əhatə edir.
Payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatıb, ilk subsidiyalar həm də əkinlərini vaxtında bəyan etmiş fermerlərə ödənilib.