9 C
Baku
Tuesday, December 16, 2025

“PayPal” ABŞ-də bank lisenziyası almaq üçün tənzimləyiciyə müraciət edib

Dünyanın ən iri ödəniş operatorlarından biri olan “PayPal”, Yuta ştatında bank yaratmaq üçün ABŞ-nin Federal Əmanətlərin Sığortalanması Korporasiyasına (FDIC) və Yuta ştatının Maliyyə Müəssisələri Departamentinə müraciət edib.

“Kapitalın cəlb edilməsi böyümək istəyən kiçik biznes üçün hələ də ciddi maneə olaraq qalır”, — deyə “PayPal”ın baş icraçı direktoru Aleks Kriss bildirib. Onun sözlərinə görə, “PayPal Bank”ın yaradılması biznesi gücləndirəcək və səmərəliliyi artıracaq.

“Bloomberg” yazır ki, ötən həftə bir sıra kriptovalyuta şirkətləri bank statusu almaq üçün tənzimləyicilərdən ilkin razılıq əldə ediblər. Onların sırasında “Circle Internet Group”, “Ripple” və “Paxos” da var. Agentliyin qeyd etdiyinə görə, Donald Trampın prezidentliyi dövrünün başlanmasından sonra bank statusu almağa maraq Bayden administrasiyası dövrü ilə müqayisədə kəskin şəkildə artıb. 2025-ci ilin əvvəlində “Nissan Motor”un maliyyə xidməti və “Sony Group” da bank lisenziyası almaq üçün müraciət edib.

Müraciət təsdiqlənərsə, “PayPal Bank”ın prezidenti əvvəllər “Toyota Motor”un maliyyə bölməsinin baş icraçı direktoru vəzifəsində çalışmış Mara Maknil olacaq.

“PayPal” Silikon Vadisinin ən qədim fintex şirkətlərindən biridir. Müxtəlif illərdə onun təsisçiləri və ilk əməkdaşları sırasında İlon Mask, Piter Til və Rid Hoffman olub. 1999-cu ilin martında Mask onlayn maliyyə xidməti olan “X.com”un həmtəsisçisi olub. O, “PayPal” startapına sahib olan “Confinity” şirkətini satın alıb. Bir neçə il sonra Mask birləşdirilmiş şirkəti dünyanın ən tanınmış elektron ödəniş xidmətlərindən birinə çevirib. Piter Til Maskla 2000-ci ildə “X.com”un “Confinity” ilə birləşərək PayPal-ı yaratdığı zaman tanış olub. 2002-ci ildə isə “PayPal” internet-mağaza “eBay” tərəfindən 1,5 milyard dollara satın alınıb və ən böyük səhmdar olan Mask bu sövdələşmədən 165 milyon dollar əldə edib.

Son xəbərlər
Digər xəbərlər