PayPal proqnozları üstələdi, amma illik gözləntilə bazarı məyus etdi

PayPal-ın səhmləri 10,2% ucuzlaşır: şirkət mənfəət üzrə gözləntiləri üstələsə də, il üzrə proqnozunu dəyişməyib. Bu proqnoz isə mənfəətin ya cüzi azalacağını, ya da çox zəif artacağını göstərir.

İlin ilk üç ayında tranzaksiya marjası 3% artaraq 3,81 milyard dollara çatıb və bununla da Uoll-Strit analitiklərinin 3,67 milyard dollarlıq konsensus proqnozunu üstələyib. Düzəliş edilmiş hər səhmə düşən mənfəət 1,27 dollar gözləntisinə qarşı 1,34 dollar olub. Gəlir isə ötən ilin eyni dövründəki 7,79 milyard dollardan 8,35 milyard dollara yüksəlib. Halbuki bazar 8,05 milyard dollar gözləyirdi.

Müsbət məqamlardan biri Venmo xidməti olub: ümumi ödəniş həcmi 14% artıb. Bununla belə, PayPal-ın brendli checkout xidməti vasitəsilə onlayn ödəniş həcmi cəmi 2% yüksəlib.

Evercore analitikləri qeyd edirlər ki, şirkət ikinci rüb üzrə də hər səhmə düşən mənfəətin azalacağını proqnozlaşdırır. Bu isə o deməkdir ki, hazırkı artım problemlərinin qısa müddətdə həll olunması inandırıcı görünmür.

Bloomberg mənbələrinin məlumatına görə, şirkət personalını 20%, yəni təxminən 4 500 nəfər azaltmağı planlaşdırır. PayPal növbəti iki-üç il ərzində ən azı 1,5 milyard dollar qənaət etməyi hədəfləyir.

Baş icraçı direktor Enrike Lopes investorlara bildirib ki, şirkət texnoloji platformaya yetərincə yatırım etməyib və rəqiblərdən geri qalır. O, idarəetmədə artıq sayılan səviyyələri azaltmaq niyyətindədir ki, daha çox vəsait süni intellektin inkişafına və texnoloji bazanın gücləndirilməsinə yönəldilsin. PayPal rəqəmsal ödəniş bazarının ilk oyunçularından biri idi, amma zaman keçdikcə Stripe, Adyen, Apple Pay və Klarna kimi şirkətlərlə sərt rəqabətlə üzləşdi.

Fintex sektorunda PayPal-ın bəzi rəqibləri də işçi ixtisarına gedirlər. Coinbase Global çərşənbə axşamı işçilərinin təxminən 14%-ni, yəni 700 nəfərə yaxın əməkdaşı ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Bundan əvvəl isə bu il Block Inc. 4 000 əməkdaşı, yəni demək olar ki, ştatının yarısını işdən çıxarmaq niyyətini elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər