Dünyada əsas onlayn ödəmə sistemlərindən sayılan “PayPal” Türkiyədəki fəaliyyətini dayandırır.
BBC xəbər verir ki, iyunun 6-dan etibarən bu ölkədəki müştərilər pul göndərə və ya qəbul edə bilməyəcəklər. Bu müddət ərzində müştərilər hesablarındakı pulları yerli banklara köçürməlidirlər.
Qərar Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumunun şirkətin lisenziya üçün müraciətini rədd etməsindən qaynaqlanıb. “PayPal” Türkiyədəki müştərilərinə yenidən xidmət üçün gələcəkdə icazə almağa çalışacağını da bildirib.
Qeyd edək ki, ABŞ-ın “PayPal” onlayn ödəmə sistemi Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Belçika, Avstriya, İsveçrə və digər ölkələrdə fəaliyyət göstərir.
AzerTag