3 C
Baku
Wednesday, February 4, 2026

“PayPal”ın baş direktoru vəzifəsinə Enrike Lores təyin edildi — səhmlər 20% ucuzlaşdı

Enrike Lores Aleks Krissi əvəz edəcək və eyni zamanda “PayPal”ın prezidenti olacaq. O, vəzifəsinin icrasına 1 mart 2026-cı ildən başlayacaq. Həmin tarixə qədər şirkətə maliyyə və əməliyyatlar üzrə direktor Ceymi Miller rəhbərlik edəcək.

“PayPal”ın direktorlar şurası bu qərarı biznesin vəziyyətini və rəqabət qabiliyyətini təhlil etdikdən sonra qəbul edib. Şirkətdə müəyyən “irəliləyiş” olsa da, “PayPal”ın bu nəticələrə çatma tempi gözləntilərə uyğun olmayıb. Şuranın fikrincə, Loresin “uzaqgörənliyi” və texnologiya ilə kommersiya sahəsindəki 30 illik təcrübəsi şirkətə yeni təkan verə bilər.

Kriss 2023-cü ildə ABŞ-nin fintex şirkəti olan “Intuit”dən “PayPal”a keçib. Təyinat zamanı şirkət onu “yeni nəslin lideri” adlandırıb və “PayPal”ı uzun illər irəli aparacaq şəxs kimi təqdim edib. Rəsmi açıqlamada şirkət ona görülən işlərə görə təşəkkür edib, xüsusilə BNPL (“indi al, sonra ödə”) biznesinin və sürətli mobil ödəniş xidməti olan Venmo-nun inkişafına verdiyi töhfəni vurğulayıb.

Lores altı il ərzində “HP” şirkətinin prezidenti və baş direktoru olub (şirkət hələlik onun varisini seçməyib). Bununla paralel olaraq, o, “PayPal”ın direktorlar şurasında yer alıb və 2024-cü ilin iyul ayından etibarən şuranın sədri olub.

2025-ci ilin dördüncü rübündə “PayPal”ın gəliri 8,68 milyard dollar təşkil edib, bu da illik müqayisədə 3,7% artım deməkdir. Analitiklər gəlirin 8,8 milyard dollar olacağını gözləyirdilər.

Xalis mənfəət isə 1,44 milyard dollar təşkil edib. Müqayisə üçün, bir il əvvəl bu göstərici 1,12 milyard dollar olub.

Son xəbərlər
Digər xəbərlər