PayPal ödəniş sisteminin rəqibi Zelle ödəniş şəbəkəsi bazara buraxılır və indi 30-dan çox maliyyə təşkilatında bank tətbiqetmələrində əlçatan olacaq.
Banker.az xəbər verir ki, Zelle şəbəkəsinin köməkliyi ilə yalnız alıcının elektron poçt ünvanından, yaxud mobil nömrəsindən istifadə etməklə bir neçə dəqiqə ərzində bir bank hesabından digərinə vəsait göndərmək mümkündür.
Amerika bankı, US Bank və Wells Fargo artıq Zelle şəbəkəsinin bəzi funksiyalarını öz bank tətbiqetmələrinə inteqrasiya edib və keçən il ərzində 55 milyard dollar dəyərində tranzaksiya emal edib ki, bu da rəqib Venmo şəbəkəsinin göstəricilərini iki dəfədən çox geridə qoyur.
Zelle-in mərhələli buraxılışının növbəti 12 ay ərzində həyata keçiriləcəyi planlaşdırılır. Nəticədə Zelle 86 milyon istifadəçinin mobil bank tətbiqetməsinə inteqrasiya ediləcək.
Qeyd edək ki, Zelle ABŞ-ın JPMorgan Chase, Citi, Bank of America və s. kimi nəhəng banklarının idarəsi altında olan Early Warning Services ödəniş şəbəkəsi tərəfindən yaradılıb. Layihə müəllifləri əmindirlər ki, xidmət Venmo (PayPal-a məxsusdur) və Square Cash xidmətləri ilə ciddi rəqabət aparmaq iqtidarındadır.