“PayPal” istifadəçilərə bitcoin, ethereum, bitcoin cash, litecoin almaq və satmaq, habelə onları daxili cüzdanda saxlamaq imkanını verəcək.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Verilən məlumata görə, kriptovalyutanın saxlanılması üzrə heç bir komissiya ödəmək tələb olunmayacaq.
Bundan əlavə, 2021-ci ildə tətbiqdə 26 milyon pərakəndə satış nöqtəsində rəqəmsal aktivlərlə ödəniş etmək mümkün olacaq. Mağazalar kriptovalyutanı birbaşa deyil, onu dollara konvertasiya etdikdən sonra qəbul edəcəklər. Qeyd edək ki, bu, “PayPal”ın Nyu-York ştatının Maliyyə Xidmətləri Departamentindən xüsusi “Bitlicense” lisenziyasını alandan sonra mümkün olub.
Birinci mərhələdə yalnız ABŞ istifadəçilərinin “PayPal” sistemində kriptovalyuta ilə əməliyyatlar həyata keçirə bilməsi nəzərdə tutulur. 2021-ci ilin birinci yarısında şirkət beynəlxalq bazara çıxmaq və yeni funksiyanı həm də “Venmo” ödəmə sistemində tətbiq etmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, iyul ayında “PayPal” öz kriptovalyuta xidmətini işə salmaq üçün “Paxos” blokçeyn-startapı ilə əməkdaşlıq etməyə başlayıb. Bunun sayəsində ödəmə sistemin istifadəçiləri rəqəmsal aktivlərlə əməliyyat keçirə biləcəklər.