Mənzil bazarında canlanmaların və ya əksinə durğunluğun yaşanması bir çox hallarda mövsümi xarakter daşıyır. Yay mövsümü bu baxımdan daha rəngarəng hesab oluna bilər. Xüsusilə də paytaxtın mənzil kirayəsi bazarında yay aylarında adətən dəyişikliklər baş verir. Tədris ilinin başa çatması, növbəti tədris ilinə hazırlıq bu baxımdan ən böyük təkan hesab olunur. Digər tərəfdən, insanların əksəriyyətinin yay aylarında istirahətə yollanması da həm kirayə, həm də alqı-satqı işinə təsir edir. Ekspertlər bu vəziyyəti müxtəlif cür qiymətləndirirlər. Onlardan yay aylarını fürsət kimi görənlər də var, əksinə, durğunluq hesab edənlər də.
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bildirib ki, yay aylarında həmişə olduğu kimi, paytaxtda həm kirayə, həm də mənzil satışı bazarında durğunluq olur. Bu fikrini alıcılıq qabiliyyəti yüksək olan şəxslərin istirahətə yollanması ilə əsaslandıran E.Azadov kirayə bazarında hazırda mənzillərin aktiv boşalma dövrü olduğunu da bildirib:
“Həm tələbələr, həm də digər vətəndaşların çoxu bölgələrə, turistik ərazilərə gedirlər. Ailələrin çox hissəsi dəyişiklik edir, daha yaxşı şəraiti olan mənzili icarəyə götürürlər”.
Onun sözlərinə görə, hazırda kirayə mənzil fondunun 20 %-i boşalıb: “Qiymətlərdə də bir az endirim olub. Kirayə mənzillərin qiyməti təxminən 40-50 manata qədər düşüb. Əvvəl 400 manata olan mənzilləri hazırda 360 manata icarəyə götürmək mümkündür”.
Əmlak eksperti Elnur Fərzəliyev də hazırda tələbələrin çoxunun gedişi ilə müəyyən bir boşluq olduğunu bildirib:
“Amma başqa bir tərəfdən də ali təhsil ocaqlarına qəbul olan tələbələrin sayı çoxdur. Yəni qəbul olanların bir hissəsi artıq bəllidir. Onların valideynləri artıq əmlak bazarında icarəyə verilən mənzillərlə maraqlanırlar.
Ucuz mənzillərin sayı məhdud saydadır. Avqust ayının sonlarında ucuz mənzil tapmaq mümkün olmayacaq.
Mərkəzə yaxın ərazilərdə ucuz fərdi həyət evləri var idi ki, orada da tələbələr daha çox qalırdı. Həmin evlərin böyük hissəsi də artıq sökülüb. Artıq həm tələbələr, həm də digər vətəndaşlar məcburiyyətdən şəhər kənarında, Xırdalan, Abşeron ərazilərində icarəyə mənzil axtarırlar”.
E. Fərzəliyev hesab edir ki, alqı-satqı bazarında hələlik durğunluq var: “Yay aylarında mənzil bazarında tənzimləmələr olur. Bu, insanların daha çox istirahətə getməsi ilə bağlıdır. Ötən il yay aylarında torpaq bazarı aktivləşmişdi. Bağ evlərinin alışı da artmışdı. Bu il isə hərtərəfli durğunluq yaşanır”.
Əmlak eksperti Ramil Osmanlı da kirayə mənzil bazarında sabitlik olduğunu hesab edir. O yalnız gündəlik kirayə məqsədləri üçün verilən evlərin qiymətində artım müşahidə olunduğunu bildirib:
“Bağ evlərinin icarə qiymətlərində artım var. Bu da gələn ayın ortalarına kimi davam edəcək. Sonra qiymətlər sabitləşərək, enməyə doğru gedəcək.
Altı-satqı əməliyyatlarında isə ötən ildən başlayaraq aktivlik davam edir. Aprel-may aylarında qiymətlər sürətlə qalxmağa başlamışdı. İndi də artımlar var, amma aprel-may aylarındakı kimi deyil.
Qiymət artımları daha çox ilkin bazarda, yeni tikili evlərdə müşahidə olunur. Buna səbəb də tikinti materiallarının bahalaşması, infrastruktur layihələrin baha başa gəlməsi kimi amillərdir.
Köhnə tikili evlərdə isə qiymətlər nisbətən sabitdir”.