27 C
Baku
Wednesday, April 24, 2024

Pekin ABŞ və Kanadaya sanksiyalar tətbiq etməyə başlayıb

Rəsmi Çinin Sincan Uyğur Muxtar Bölgəsində “insan hüquqları” mövzusuna dair yalan və dezinformasiya yaydıqlarına görə Böyük Britaniyadan sonra ABŞ və Kanadaya da sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Çin Xarici İşlər Nazirliyi sanksiyaların ABŞ-ın Dini Azadlıq üzrə Beynəlxalq Komitəsinin sədri Qeyl Mançinə, onun müavini Toni Perkinsə, Kanada parlamentinin üzvü Maykl Çonqa, habelə Kanada İcmalar Palatasının beynəlxalq insan hüquqları altkomitəsinə tətbiq olunduğunu bəyan edib. Bu sanksiyalar Sincan bölgəsində “insan hüquqları”nın pozulmasına görə ABŞ və Kanadanın bir neçə gün əvvəl Çinə tətbiq etdiyi sanksiyalara cavabdır. Həmin şəxslərin və onların ailə üzvlərinin Çinin materik hissəsinə, habelə Honkonq və Makao xüsusi inzibati ərazilərə girişinə qadağa qoyulub, Çin vətəndaşlarının və qurumlarının həmin fərdlər və hüquqi şəxslər ilə əməkdaşlığı qadağan edilib.

Qeyd edək ki, martın 22-də ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanada Çinin Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqlarının pozulması hallarını əsas götürərək Çin rəsmilərinə və qurumlarına sanksiyalar tətbiq etməyə başladıqlarını bəyan ediblər. Çin tərəfi Qərb ölkələrinin uyğur müsəlmanların hüquqlarının pozulması və onların məcburi əməyə cəlb olunması ilə bağlı iddialarını qəti rədd edir. Rəsmi Pekin ötən gün Böyük Britaniya parlamentinin bir neçə üzvünə, hüquqşünas və sahibkarlara, habelə 4 təsisatına sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Bir müddətdir bəzi Qərb ölkələrinin siyasətçiləri, qeyri-hökumət təşkilatları və mətbuatı Çin hökumətinin Sincan bölgəsində uyğur müsəlmanlara təzyiqlər göstərdiyini, xeyli sayda uyğurun peşə təlimi adı altında xüsusi düşərgələrdə saxlanıldığını, onların məcburi əməyə cəlb edildiyini, bölgədə dini etiqad azadlığının məhdudlaşdırıldığını bəyan edirlər. Həmin ölkələr bir neçə dəfə Çin rəsmilərinə və qurumlarına sanksiyalar tətbiq ediblər, müvafiq bəyanatlar veriblər. Çin tərəfi bu cür addımların Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqları ilə bağlı vəziyyəti qəsdən ləkələmək, beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən əsas normaları kobudcasına pozmaq, Çinin daxili işlərinə kobud müdaxilə etmək kimi qiymətləndirib. Rəsmi Pekin “Sincan məsələsi”nin insan hüquqları, etnik və dini məsələlərlə əlaqəli olmadığını, əslində, zorakılıq, terrorizm və separatçılıqla mübarizə olduğunu bəyan edir.

Azərtac

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər