12 C
Baku
Saturday, November 23, 2024

Pekində Əfqanıstan müzakirə olunur: Talibanın ümidi Çinədir

Dünyanın diqqəti Ukraynada olsa da, Əfqanıstan mövzusuna da diqqət var. Ötən il ABŞ qoşunlarının paytaxt Kabili tərk etməsi ilə Taliban paytaxtı ələ keçirtdi. Bundan sonra Taliban Əfqanıstanın tamamında sərt qaydaralarını tətbiq etməyə başladı. Taliban qruplaşmasının rəhbərliyi beynəlxalq aləmə söz verirdi ki, rəqiblərindən intiqam almayacaq, qadınlara təhsil haqqı tanıyacaq və ən başlıcası qonşu ölkələrə təhlükə yaratmayacaq. Ancaq qruplaşmanın verdiyi vədləri yerinə yetirdiyini söyləmək çətindir. Qruplaşmanın müxtəlif üzvləri rəqiblərinin bir hissəsindən intiqam da aldılar, qadınların haqları pozulmaqda davam edir, Əfqanıstana qonşu olan dövlətlər təhlükədən tam sığortalanmayıblar.

Çinin paytaxtı Pekində Əfqanıstana qonşu olan ölkələrin xarici işlər nazirlərinin başçılarının iki günlük konfransı öz işinə başlayıb. Toplantıya Çinlə yanaşı Rusiya, Pakistan, İran və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri qatılıblar. Əfqanıstandakı mövcud durum ən çox Tacikistanı narahat edir. Çünki Əfqanıstan ərazisindən ən böyük təhlükə Tacikistanadır. Talibanın qonşu Tacikistana münasibəti sərtdir. Taliban rəhbərliyi hesab edir ki, ona qarşı olan silahlı qruplara əsas maliyyə və hərbi dəstək məhz Tacikistan ərazisindən çatdırılır. Həqiqətən tacik əsilli Əhməd Şah Məsudun oğlu Əhməd Məsud Talibana qarşı mübarizəsini davam etdirir. Özbək əsilli Rəşid Dustum rəhbərliyi altındakı silahlı qruplar da Talibana qarşı fəallıqlarını artırıblar. Bu səbəbdən Taliban qruplaşması Tacikistanı hədə siyasətinə üstünlük verir.

“Talibanın maliyyəyə ehtiyacı var”, deyə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O deyir ki, Əfqanıstanda aclıq və səfalət hökm sürür.

“Ancaq böyük dövlətlər Əfqanıstana maliyyə ayırmağa həvəsli deyillər. Kremlin mövqeyi belədir ki, Əfqanıstanı dağıdan ABŞ bu dövlətin maliyyə məsələlərinin həllində önəmli rol oynamalıdır. ABŞ nəinki Əfqanıstana maliyyə yardımı ayırmır, Əfqanıstana aid olan bank hesablarını dondurub. Dünya Bankı Əfqanıstandakı layihələrə 600 milyon dollar ayırmalı idi. Ancaq Talibanın qızların təhsil almasıyla bağlı maneələrin tam aradan qaldırmamasına görə layihələrin maliyyələşdirməsini həyata keçirməyib”.

Şahinoğlu deyir ki, Çin Talibana maliyyə yardımı etməsə də, Əfqanıstandakı layihələrə maraq göstərir.

“Əfqanıstan yeraltı resurslara malikdir, sadəcə bundan yararlana bilmir. Çin həmin resurslardan faydalanmaq istəyir. Talibandan nümayəndə heyəti növbəti dəfə Pekində görüşlər həyata keçirib. Talibanın Çinin dəstəyinə böyük ümidi var”.

Pekində olmasından istifadə edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vang Yi ilə də ayrıca görüşüb. Nazirlər iki ölkə arasındakı əməkdaşlığın hazırki durumu və Ukraynanı müzakirə ediblər.

“Kreml Ukrayna məsələsində Pekini daha çox öz tərəfinə çəkməyə çalışır. Pekin Rusiyaya qarşı Qərbin sanksiyalarının əleyhinədir. Ancaq Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə dəstək də vermir”- deyə, Elxan Şahinoğlu deyib.

Son xəbərlər
Digər xəbərlər