Çinin paytaxtı Pekində yeni növ koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar elan olunmuş ictimai səhiyyə sahəsində fövqəladə hazırlıq dərəcəsi aprelin 30-da ən yuxarıdan bir pillə aşağı endiriləcək.
Şəhər hökuməti paytaxtda son 13 gündə yerli ötürülmə yolu və ya xarici mənşəli yoluxma halı baş verməməsindən sonra belə bir qərar qəbul edib. Bu qərarla şəhərdə karantin rejimi qaydaları yumşaldılacaq. Çində aşağı riskli hesab edilən yerlərdən gələn insanlar artıq iki həftə ərzində karantin keçmək məcburiyyətində qalmayacaqlar. Bundan başqa, mehmanxanalarda otaq bronlaşdırmaq üçün nuklein turşu (RNT) testinin cavablarını təqdim etməyə ehtiyac olmayacaq. Qeyd olunan yumşaldılmış qaydalar xaricdən və ölkədə virusun ən çox yayıldığı Hubey vilayətindən gələnlərə aid deyil.
Karantin rejiminin yumşaldılması ilə poçt kuryerləri, ev xidmətçiləri və daşınmaz əmlak agentləri sağlamlıq haqqında elektron arayış təqdim etməklə yaşayış binalarına daxil ola biləcəklər. Şəhərdaxili avtobuslarda və metro vaqonlarında sərnişin sıxlığının göstəricisi müvafiq olaraq 75 və 65 faizə yüksəldilib. Şəhərlərarası avtobusların da hərəkəti bərpa olunur. İctimai nəqliyyat vasitələrində davamlı dezinfeksiya işlərinin aparılması və bütün sərnişinlərin qoruyucu maska taxması məcburidir.
Qeyd edək ki, Çində ictimai səhiyyə sahəsində 4 pilləli fövqəladə hazırlıq dərəcəsi var. Koronavirus epidemiyası ilə əlaqədar yanvarın 24-də Pekində ictimai səhiyyə sahəsində ən yüksək həddə fövqəladə hazırlıq dərəcəsi elan olunmuşdu.