Pensiya və sosial müavinət düzəltmək adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan Samirə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirillən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək Samirə Mirzəyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı, zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qanuna uyğun cəzanın tələb edilməsini xahiş edib.
Təqsirləndirilən şəxsin vəkili isə müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Son sözlə çıxış edən Samirə Mirzəyeva 3 azyaşlı uşağına görə həbslə bağlı olmayan cəzanın verilməsini xahiş edib.
Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər. Hökmə görə, Samirə Mirzəyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Samirə Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında 13 vətəndaşın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) və digər maddələrlə təqsirləndirilib. Cinayət işində Dövlət Sosial Müdafiə Fonduda zərərçəkmiş qismində tanınıb. Samirə Mirzəyeva əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-2023-cü illər ərzində ona müraciət etmiş bu işlə bağlı 13 şəxsə məxsus külli miqdarda pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.