2 C
Baku
Tuesday, February 25, 2025

Pensiya islahatlarının yekunlaşacağı tarix açıqlanıb

Pensiya islahatları hələ ki davam edir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

“2006-cı ildən fərdi uçot sisteminə keçmişik. Fərdi uçot sisteminin oturuşması və pensiya kapitalının yığılmasının, həm də xərclənməsinin sığorta prinsiplərinə təxminən 2054-cü ildə keçəcəyik. 2054-cü ilə qədər bu islahatlar davam etməlidir. Çünki 2006-cı ildə ilk dəfə fərdi uçota keçəndə, 18 yaşında əmək müqaviləsi bağlayan şəxs məhz həmin tarixdə pensiya yaşına çatacaq. Ona görə də bizdə pensiya təminatı iki prinsip üzərində qurulub. Pensiya fondunun gəlirləri fərdi uçot prinsipi üzərindən yığılıb. Xərclənmə isə həm fərdi uçot, həm də sosial həmrəylik prinsipi ilə təmin olunub. Yəni səninlə mən bu gün işləyirik və bizim əmək haqqımızdan ayrılan sosial sığorta haqqı indiki pensiyaçıların pensiya təminatına gedir. 2054-cü ildən sonra isə tam fərdi uçota keçəcəyik. Ondan sonra kim nə qədər pensiya kapitalı yığıbsa, o qədər də pensiya alacaq. Bəziləri indi istəyir ki, pensiya kapitalının bir hissəsini pensiyaçı olmadığı halda götürsün. Bu və digər məsələlərin hamısı tam fərdi uçot oturuşandan sonra həyata keçiriləcək”,-  komitə sədri deyib.

Musa Quliyev pensiya ilə bağlı məsələlərin proaktiv, yəni avtomatlaşdırılmış qaydada həyata keçirildiyini qeyd edib:

“Özəl sosial sığorta fondları haqqında” qanun layihəsi hazırlanır. Yaz sessiyası ərzində qanun layihəsinin parlamentin iclasına daxil olması gözlənilir. Bundan sonra indiki sosial sığorta ödənişləri məcburidir. Bu qanun layihəsindən sonra əlavə olaraq, könüllü sosial sığorta ödənişi və dövlətdən ayrı özəl sosial müdafiə fondları yaranacaq. Bununla da vətəndaşların seçim imkanları daha da genişlənəcək. Öz pensiya təminatını daha da yaxşılaşdırmaq üçün hər iki alternativdən istifadə edə biləcəklər. Bu mənada islahatlar gedir. Nə qədər ki vətəndaş və pensiyaçı var, o sahədə islahatlar daim gedəcək. Əsas məsələ  bunun proaktiv, avtomatlaşdırılmış qaydada və vətəndaşa heç bir əziyyət vermədən həyata keçirilməsidir. Məsələn, bundan öncə pensiyalar artdı, heç kəs “mənim pensiyamı artırın” demədi, kimdənsə, sənəd istəmədilər”.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər