27 C
Baku
Saturday, June 29, 2024

Pensiya islahatlarının yeni mərhələsində könüllü sığortalanmanın tətbiqi nəzərdə tutulur

Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi hazırda fəaliyyət göstərməkdədir.

Bunu Fondun sədri Elman Mehdiyev  bildirdirib. Qeyd edib ki, layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaqdır.

DSMF və Avropa İttifaqının birgə layihəsinin qarşısında duran vəzifələrdən bəhs edən E. Mehdiyev bildirib ki, layihənin qeyri-dövlət pensiya fondları ilə bağlı qanunvericiliyin hazırlanması sahəsində əsas məqsədlərindən biri də həmin fondların qeyri-dövlət pensiya təminatı sahəsində fəaliyyəti üzrə meydana çıxan öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlərin işlənməsidir. Belə ki, qeyri-dövlət pensiya fondları fəaliyyət xüsusiyyətlərindən irəli gələrək bir çox istiqamət üzrə funksiyalar yerinə yetirəcəkdir. Bu da gələcəkdə həmin fondlar tərəfindən fəaliyyətlərinin tam və qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi, effektiv idarəetmə mexanizmlərinin tətbiq olunması üçün öncədən ciddi və hərtərəfli hazırlıq işlərinin aparılmasını zəruri edir.

Diqqətə çatdırılıb ki, qeyd edilən funksiyalar qeyri-dövlət pensiya təminatı məqsədləri üçün haqların toplanması, pensiya hesablarının aparılması, həmin hesabların vəziyyəti barədə aidiyyəti şəxslərin məlumatlandırılması və digər istiqamətlərlə bağlıdır.

AzərTAc

Son xəbərlər
Digər xəbərlər