12 C
Baku
Saturday, November 23, 2024

Pensiya kapitalını tam götürmək mümkün ola bilər

Çox vaxt insanlar topladıqları pensiya kapitalını birdəfəyə əldə etmək arzusunda olurlar. Elə hesab edən vətəndaşlar var ki, bu vəsait onlara aid olduğundan pulu hissələrlə deyil, tam şəkildə götürməlidirlər. Çünki bir çox hallarda insan ömrünün müddəti pensiya kapitalından tam yararlanmağa imkan vermir. Lakin qanunvericilik pensiya kapitalından pensiya yaşına çatdıqdan sonra 12 il ərzində əldə etməyi nəzərdə tutur. Başqa sözlə, pensiya kapitalı 144 aya bölünərək aylıq pensiya şəklində ödənilir. İlbəil isə aylıq pensiya məbləği orta aylıq əməkhaqqının illik artımına uyğun artırılır.

Bununla belə, gələcəkdə pensiya kapitalını birdəfəyə götürmək mümkün ola bilər. Ancaq bu, özəl pensiya fondlarında toplanılan vəsaitlərə aid olacaq. Daha dəqiq desək, vətəndaşlar əməkhaqlarından məcburi dövlət sosial haqqı ilə yanaşı, özəl pensiya fonduna da vəsait ödəməklə özlərinə əlavə pensiya təminatı yarada biləcəklər. Hazırda işləyənlərin məcburi dövlət sosial haqları əməkhaqqının 25 faizi həcmindədir. Onun bir hissəsini işləyən, digərini işəgötürən ödəyir. Dövlət sektorunda işləyənlər əməkhaqqının 3 faizi, özəl sektordakılar 10 faizi (200 manatadək hissəsinin 3 faizi) həcmində sosial sığorta haqqı ödəyir. Vətəndaş özəl pensiya da almaq istəyirsə, əlavə ödəniş etməli olacaq. Bununla belə, dünya təcrübəsində özəl pensiya üçün fonda ödənişin işəgötürən tərəfindən edildiyi hallar da mövcuddur.

Pensiya yaşına çatdıqda, vətəndaşlar dövlət sosial haqqı hesabına toplanan pensiya kapitalını hissələrlə almalarına baxmayaraq, özəl fonddakı vəsaiti hissələrlə yanaşı, birdəfəlik də ala bilərlər.

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov jurnalistlərə bildirib ki, məcburi dövlət sosial haqqı adından da göründüyü kimi, məcburidir. Özəl pensiya fonduna ödəniş isə könüllü olacaq. Fondla bağlı normativ baza yaradılıb və layihələr hazırlanıb. Sənəd razılaşma mərhələsindədir.

İqtisadçı Rəşad Həsənov isə düşünür ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılmasının vaxtı yetişməyib. Ekspert məsələni şərh edərkən deyib ki, uzunmüddətli dövr üçün əhalidə yığım vərdişləri güclü deyil. Eyni zamanda, maliyyə təsisatlarına etibar zəifdir. Bunu banklara qoyulan vəsaitlərin əksər hissəsinin qısamüddətli olması da sübut edir. Bu baxımdan əhalinin 25-30 il ərzində özəl pensiya fondlarına nə dərəcədə etibar edəcəkləri sual altındadır: “Digər məsələ insanların imkanları məsələsidir. Əhalinin maddi imkanları geniş deyil. Onlar özlərini gündəlik qayğıları ilə məşğul olmağa həsr edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, əhali vəsaitlərinin 50-60 faizə qədərini gündəlik tələbat mallarının alınmasına xərcləyir. Bu göstərici inkişaf etmiş ölkələrlə müqayisədə 3-4 dəfə artıqdır və əhalinin yığım imkanlarını aşağı salır”.

R. Həsənov vurğulayır ki, bu mənada çox az bir qisim sosial qrup özəl pensiya fondlarında vəsait yerləşdirə bilər. Lakin bir məsələni qeyd etmək lazımdır ki, özəl pensiya fondlarında olan vəsaitlər müəyyən bir səviyyəyə qədər artdıqdan sonra belə qurumlar mənfəətlə işləyə bilərlər. Bu səviyyəyə çatmaq üçün belə fondlara qeyd edilənlərin əksi olaraq böyük vəsaitlər cəlb edilməlidir. Məsələnin başqa tərəfi isə ölkədə qiymətli kağızlar bazarının inkişaf etməməsidir. Söhbət ondan gedir ki, fondların əhalidən topladığı vəsait qiymətli kağızlara yatırılmaqla gəlir əldə olunmalıdır”.

Görünən odur ki, bu şərtlər daxilində özəl pensiya fondunun yaradılması asan deyil. Lakin bu barədə daha ətraflı fikir yürütmək qanunun qəbulundan sonra mümkündür.

Son xəbərlər
Digər xəbərlər