2022-ci ilin yanvar-iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 4.5% (104 mln. manat) çox olmaqla 2 mlrd. 443 mln. manat vəsait yönəldilib.
Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilir ki, bu ilin əvvəlindən növbəti artım olaraq, minimum aylıq pensiya daha 20% artırılaraq 240 manata çatdırılıb. Son 6 ayda pensiyaların orta aylıq məbləği 11%-ədək artaraq 364 manata, yaşa görə orta aylıq pensiya isə 10.2% artaraq 395 manata çatıb.
2022-ci ilin əvvəlindən pensiyaların sığorta hissəsi indeksləşdirilib və sığorta prinsipi ilə pensiya alanlara bu il üzrə 200 manat maddi yardım ayrılıb. Habelə qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən pensiyalarının 10%-i məbləğində aylıq maddi yardım ödənilir.
Həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.
2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb. Ötən dövrdə 64 mini pensiya, qalanı müavinət və təqaüd olan 430 min, o cümlədən bu ilin yanvar-iyun aylarında 15.6 mini pensiya, qalanı müavinət və təqaüd olan 160 min təyinat proaktiv olaraq e-qaydada aparılıb.