-1 C
Baku
Sunday, December 15, 2024

Pensiyalar artacaq – tarix açıqlandı

Hazırda ölkəmizdə əmək pensiyalarının baza hissəsi 128 ABŞ dollarıdır.

Azərbaycanda gələn il pensiyaların orta aylıq məbləği artacaq.

Bu haqda YAP-ın saytına müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun yeni sədri Elman Mehdiyev xəbər verib.

O bildirib ki, əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 11,2 faiz və ya 128,4 milyon manat artacağı proqnozlaşdırılır. Bu artımın 27,7 milyon manatı pensiya məbləğlərinin 2014-cü ilin yanvarın 1-dən 3,3 faizlik inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, qalan hissəsi, yəni 100,7 milyon manatı isə xüsusi əlavələr alan hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s. pensiyaçıların qulluq stajına görə əlavələrinin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcək.

“Bu artımlardan sonra pensiyaların orta aylıq məbləği 10,8 faiz artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9 faiz artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6 faiz artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4 faiz artaraq 131 manata çatacaq”.

E.Mehdiyev deyib ki, nəticədə Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaq:

“Məlumat üçün bildirim ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dollarıdır və bu MDB məkanında Qazaxıstandandakı 185 ABŞ dolları və Belarusdakı 129 ABŞ dolları səviyyəsindən sonra 3-cü göstəricidir. Bu məbləğ Rusiyada 108,7 ABŞ dolları, Ukraynada 118,8 ABŞ dolları təşkil edir. Son 10 ildə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə, minimum məbləği 7,1 dəfə artıb ki, bu, MDB-nin pensiyalarının məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və bu göstərici üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstandan 1,4 dəfə yuxarıdır”.

Son xəbərlər
Digər xəbərlər