Əfqanıstanda 20 ilə yaxın qaldığı müddətdə ABŞ iki mindən çox əsgər itirib.
Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandalığının (CENTCOM) rəhbəri general Kennet Makkenzi keçirdiyi brifinqdə bildirib.
“Bu asan deyildi. Ödədiyimiz qiymət 2 461 amerikalı əsgər olub. Təxminən 20 minə yaxın mülki şəxs yaralanıb”, – deyə Kennet Makkenzi vurğulayıb.
ABŞ prezidenti Co Bayden 23 avqustda ABŞ-ın Əfqanıstanda olduğu müddətdə 2 448 amerikalının öldürüldüyünü söyləyib. O qeyd edib ki, hər gün itkilərin statistikasını yoxlayır. “Bu kart hər gün yanımdadır – faktiki olaraq itirdiyimiz: 2 448 amerikalı ölüb, 20 722 yaralanıb”, – deyə siyasətçi qeyd edib.
Makkenzinin göstərdiyi son rəqəmlərə həmçinin 26 avqustda Kabil hava limanında törədilən partlayışda şəhid olan 13 ABŞ hərbçisi daxildir. Xatırladaq ki, ABŞ qoşunları Əfqanıstana 2001-ci il 11 sentyabr terror hadisəsindən sonra girib. Onda “Əl-Qaidə” silahlıları dörd sərnişin təyyarəsini qaçırıblar və Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin qüllələrini vurublar. Ümumilikdə hadisə nəticəsində 2 977 nəfər ölüb.
Aprel ayında ABŞ prezidenti 11 sentyabr hadisəsinin 20-ci ildönümünə qədər qoşunların Əfqanıstandan çıxarılacağını açıqlayıb. “Mən belə bir nəticəyə gəldim ki, tariximizin ən uzun müharibəsinə son qoymağın və amerikalı əsgərlərin evlərinə qayıtmasının vaxtıdır”, – Bayden söyləyib.
O, ABŞ-ın əsas məqsədinin ölkəni birləşdirmək deyil, “Əl-Qaidə”ni yox etmək olduğunu izah edib. Siyasətçi amerikalı əsgərləri “başqa bir ölkənin vətəndaş müharibəsində müharibə aparmağa” məcbur etməyəcəyini bildirib. Prezident həmçinin Əfqanıstan kampaniyasına gündə 150-300 milyon ABŞ dolları xərcləndiyini açıqlayıb.
ABŞ-dan sonra NATO ölkələri də qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb.