ABŞ ordusu Amerikanın “Boeing” korporasiyası ilə ümumi dəyəri 7,1 milyard dollardan çox olan bir neçə müqavilə imzalayıb. Onlardan biri yeni “Apache AH-64E” hücum helikopterlərinin, bu helikopterlərdə quraşdırılan “AN/APG-78” radiolokasiya sistemi ilə təchiz edilmiş trenajorların və digər avadanlıqların tədarükünü nəzərdə tutur. Bu müqavilənin məbləği 4,7 milyard dollar təşkil edir, “Reuters” yazır.
Digər müqaviləyə əsasən, “Boeing” ABŞ Hərbi Hava Qüvvələrinə əlavə olaraq 15 ədəd “KC-46A” çoxfunksiyalı təyyarə tədarük edəcək. Bu müqavilənin dəyəri 2,47 milyard dollardır.
Ötən il Pentaqon korporasiya ilə eyni tip 15 ədəd “KC-46A” təyyarəsinin tədarükünə dair 2,38 milyard dollarlıq müqavilə imzalamışdı.
Hazırkı müqavilə “istehsalın sabitliyini təmin etməyə, o cümlədən uzun təchizat zəncirimizin davamlı fəaliyyətinə kömək edəcək və KC-46A-nın yüksək imkanlarını qorumağa şərait yaradacaq”, — deyə “Boeing” şirkətinin vitse-prezidenti Ceyk Kvasnik bildirib.








