İrana qarşı hərbi əməliyyatın ilk iki günü ərzində Pentaqon sursatlara 5,6 milyard dollar xərcləyib. Bu barədə mənbələrə istinadən”The Washington Post” (WP) məlumat yayıb. Nəşr qeyd edir ki, bu məbləğ Konqres nümayəndələrinin silah ehtiyatlarının sürətlə tükənməsi ilə bağlı narahatlığını vurğulayır.
WP-nin mənbələrinin sözlərinə görə, Tramp administrasiyası yaxın günlərdə hərbi kampaniyanı dəstəkləmək üçün Konqresə müdafiə büdcəsi üzrə əlavə sorğu göndərəcək. Bu sorğunun məbləği potensial olaraq on milyardlarla dollar ola bilər. Nəşrə verdiyi rəsmi şərhdə Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, ABŞ Müdafiə Nazirliyinin “prezidentin seçdiyi istənilən vaxt və istənilən yerdə hər hansı missiyanı yerinə yetirmək üçün bütün zəruri imkanları var”.
Bununla yanaşı, WP qeyd edir ki, ötən həftə Pentaqonun rəhbəri Pit Heqset İranda yüksək dəqiqlikli sursatlardan istifadə edilməyəcəyini açıqlayıb. Onların əvəzinə qoşunların daha geniş yayılmış lazerlə yönləndirilən bombalardan istifadə edəcəyi bildirilib. Nəşrin mənbələri qeyd edir ki, bu dəyişikliklər hərbi əməliyyatın ilk günlərində endirilən zərbələrin nə qədər bahalı olduğunu bir daha göstərir. Müharibənin ilk günlərində hansı növ və nə qədər sursatın istifadə olunduğu barədə rəsmi məlumat isə hələ açıqlanmayıb.
Bu arada Pentaqon dünyanın digər bölgələrindən, o cümlədən Hind-Sakit okean regionundan, Yaxın Şərqə silah ehtiyatları göndərməyə başlayıb. Məsələn, Cənubi Koreyadan THAAD raketdən müdafiə sisteminin bir hissəsi regiona köçürülür. WP-nin mənbələri bildirir ki, bu addımlar Yaxın Şərqdə silah çatışmazlığı ilə bağlı deyil, daha çox İranın cavab hücumlarının kəskin artacağı ehtimalına qarşı ehtiyat tədbiri kimi atılır.






