Dünyanın ən böyük alkoqolsuz içkilər istehsalçılarından biri olan “PepsiCo Inc.” inflyasiya səbəbindən məhsullarının bahalaşması barədə xəbərdarlıq edib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Şirkət xammal, işçi qüvvəsi və logistika xərclərinin marjanı “yediyini” və bu ilin sonunda böyük bir problem halına gələcəyini söyləyib. “PepsiCo”nun maliyyə direktoru Hyu Consonun sözlərinə görə, holdinq “daim inflyasiya təzyiqi” altındadır.
Korporasiyanın baş direktoru Ramon Laquarta maliyyə göstəricilərini qorumaq üçün yalnız iki variantın olduğunu söyləyib: qiymətlərin artması və məhsuldarlığın artması. Qeyd edək ki, sənayenin əksər oyunçuları birinci strategiyaya üz tutub, buna görə də ərzaq qiymətləri bir neçə aydır rekord vurur.
İnflyasiya və daha yüksək xərclərə baxmayaraq, şirkət ilin sonuna qədər 11% mənfəət əldə etməyi gözləyir. İkinci rübün hesabatına görə, “PepsiCo”nun satış gəlirləri illik müqayisədə 21% artaraq 19.22 milyard dollar olub.
Koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin yumşaldılması restoranların açılmasına və alkoqolsuz içkilərə tələbin artmasına gətirib çıxarıb. Nəticədə birinci rübdə şirkətin xalis mənfəəti 2.36 milyard dollar təşkil edib.