9 C
Baku
Friday, December 13, 2024

Peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinə başlanılır

İyulun 29-da peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

Direktor bildirib ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Ceyhun Kərəmov qəbul prosesinin ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıq olduğunu söyləyib.

“2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 min 960 plan yeri üzrə aparılacaq. Bu yerlərdən 23 min 185-i dövlət sifarişli, 7775-i isə ödənişlidir”.

Ceyhun Kərəmov ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında da tələbə qəbulunun elektron şəkildə həyata keçiriləcəyini bildirib: “Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi, həmçinin SMS vasitəsilə təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar”.

Peşə təhsilinə tələbə qəbulu üçün elektron qeydiyyatdan keçən zaman aşağıdakı sənədlər tələb olunur:

-Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini);

-Təhsil haqqında sənəd (attestat);

-Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər