Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandum kadr ehtiyaclarının öyrənilməsi, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığının təşkil edilməsi və tədris proqramlarının hazırlanması istiqamətində birgə əməkdaşlığı nəzərdə tutur.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev bildirmişdir ki, “İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası strateji hədəflərdən biridir. Peşə təhsil müəssisələri əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanması istiqamətində işəgötürənlərlə müxtəlif səviyyələrdə əməkdaşlıq etməkdə hər zaman maraqlıdır. Bu istiqamətdə birgə əməkdaşlıq peşə təhsil müəssisələrinin real iş təcrübəsinə əsaslanan kadr hazırlığına dəstək göstərəcək.”
Azerconnect şirkətinin Baş direktoru Emil Məsimov qeyd etmişdir ki, “İKT sahəsində çalışan ən böyük işəgötürənlərdən biri olaraq yerli əmək bazarının fərqli imkanlarının öyrənilməsi və şirkətimizə peşəkar işçi qüvvəsinin cəlb edilməsini daim diqqət mərkəzində saxlayırıq. İnanırıq ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə dövlət-özəl əməkdaşlığı formatında qurulan münasibətlərimiz peşə təhsilli vətəndaşlarımızın İKT sektorunda əmək fəaliyyətinə cəlb olunmasına, eləcə də yerli əmək bazarının potensialının daha da güclənməsinə öz töhfəsini verəcəkdir”.
Qeyd edək ki, artıq əməkdaşlıq çərçivəsində “Ön ofis/satış təmsilçisi”, “İPTV üzrə quraşdırma mütəxəssisi” və “Əlaqə Mərkəzi Operatoru” istiqamətləri üzrə təlimlərin icrasına başlanılıb. Təlimlər ənənəvi və ya hibrid formatda (həm onlayn, həm də ənənəvi) sahə üzrə çalışan mütəxəssislər tərəfindən tədris edilir. Təlimlərin keçirilməsində nəzəri biliklərlə bərabər, praktiki bacarıqların verilməsinə xüsusi önəm verilir.
İl ərzində əmək bazarının dəyişən ehtiyaclarını nəzərə alaraq, bir sıra yeni təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda uzunmüddətli perspektivdə peşə təhsil müəssisələri tərəfindən bu tipli təlimlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.