Fəxri Ağayev yazır…
Öncəki məqalədə işləmək üçün şirkət seçməklə bağlı dedik ki, üç növ firma var: istismar edən, insanı korlayan və onu yetişdirən. Eləcə də, bu şirkətlərlə əlaqəli iki məqamı qeyd etdik:
– istismar edən və korlayan şirkətlər adətən yetişdirən firmadan insanları oğurlayırlar;
– əməkdaşlarımız və idarəçilərimiz adətən onların bazar dəyərini atıran və inkişaf etdirən üçüncü şirkəti doğru dəyərləndirmir, istismar edən və korlayan şirkətlərə keçirlər.
Əvvəlcə onu qeyd edim ki, nə istismar edən, nə də korlayan şirkətlər əməkdaşlarını yetişdirmirlər – onların uzun müddətli məqsədləri o deyil. İnsanı yetişdirən ancaq üçüncü növ firmadır.
Ancaq nədənsə, onu inkişaf etdirən firmadan insanlar gedir və nəticədə isə bütün tərəflər uduzur: həm mütəxəssisi işə dəvət edən şirkət, həm əməkdaş özü, həm də onu yetişdirən.
Bu mənim uzun müddət firmalarda rəhbər işlədiyim dövrdə daim qarşılaşdığım bir haldır. Bunun necə baş verdiyini və alınmaması səbəblərini bir misalla göstərim.
Təsəvvür edin ki, mənim rəhbər olduğum şirkətdə Seymur adlı bir satıcı işləyir. Gözəl satışlar edir.
Rəqib şirkət insan korlayan tərzdədir. O şirkətin rəhbəri kənardan baxır və görür ki, Seymur onun öz satıcılarından çox fərqlənir – daim müsbət aurası, səliqəli xarici görünüşü, gözəl və səlis nitqi var. Yüksək satışlar edir və intizamlıdır. Müştərilərə qarşı diqqətli və qayğıkeşdir.
Və çox primitiv tərzdə düşünür – Seymurun maaşı nə qədərdir? 700 manat. Mən ona 1000 manat təklif edim, gələcək.
Seymurla görüşür. Ona 1000 manat təklif edir. Seymur sevinir – karyera artımı budur!
Gəlir, mənimlə görüşür və heç bir arqumenti dinləmədən gedir korlayıcı şirkətə.
Üç ay sonra Seymur işdən qovulur. Bazarda məlumat yayılır – Seymur filan şirkətdə işi bacarmadı və batırdı.
Korlayıcı şirkət rəhbəri təəccüb içindədir – axı Seymur yaxşı satıcı idi, niyə mənim şirkətimdə heç nə edə bilmədi?
Seymur psixoloji stress yaşayır və nə edəcəyini bilmir.
Mən isə şəxsən yetşdirdiyim yaxşı bir əməkdaşımı itirmiş oluram.
Nədir bu baş verənlərin səbəbi?
Əslində isə məsələ çox sadədir.
Seymur, KONKRET şirkətdə, KONKRET şərtlərdə, KONKRET komanda yoldaşları ilə, KONKRET rəhbərlə uğurlu idi.
Bu o deməkdir ki, Seymur mənim firmamda hər gün öz rəhbəri ilə müsbət söhbətlə işə başlayır. HR müdiri işə ancaq şirkətin dəyərlərini paylaşan gəncləri işə alır. Şirkət daxilində istənilən formada qruplaşmalar, dedi-qodu, tələ qurma qəti qadağandır. Seymur bir işi edərkən komanda yoldaşları onu izləyir və var gücü ilə ona kömək edirlər. Seymurun səhvi olanda mən onu otağa çağırıram və onu danlamadan, ruhdan salmadan, onunla bir yerdə vəziyyəti təhlil edir və çıxış yollarını düşünürük.
Seymurun yüksək satışlarını, müştərilərlə xoş ünsiyyətini qısqanan və buna görə də ona problem yaradan, həvəsdən salan insan şirkətdə yoxdur. Hər kəsin məqsədi və fəlsəfəsi eynidir. Hər ay şirkətdə müxtəlif təlimlər keçirilir və əməkdaşların inkişafı üçün maraqlı və fərqli addımlar atılır. Seymur və onun kimi gənclər Bakıda keçirilən forumlara, təlimlərə, konfranslara göndərilir.
Seymur, BU AB-HAVADA uğurludur. Gənc və təcrübəsiz olduğuna görə də, öz şəxsi uğurları ilə ümumi şirkət tərəfindən təmin edilən ab-havanın əhəmiyyətini, rəhbərin şəxsinin vacibliyini anlamadan ANCAQ maaşı nəzərə alaraq, tanımadığı bir ortamı olan şirkətə gedir.
İndi isə Seymurun yüksək maaş aldığı şirkəti düşünün. Şirkət daxilində qruplaşmalar var – sahibkarın qohumları, yerliləri və onlardan olmayanlar. Tələ qurmaq normal haldır – bunu rəhbər rəqabət kimi görür və təşviq də edir. Seymur bir işi edərkən arxadan onu çəkənlər imkan vermir ki, müştəriyə konsentrasiya olsun. Müştəriyə söz verir – anbar müdiri bilərək məhsulu gec göndərir. Müştəri rəhbərə şikayət edir – rəhbər Seymurdan soruşur, o anbarı deyəndə, anbar rəhbəri Seymurun yalan danışdığını deyir. Amma Seymur olur satqın. Həm də günahkar. Artıq ona görə davranırlar.
10 gün belə işdən sonra Seymur gərginləşir və əsəbi olur. Daha çox səhvlər edir. Hər səhər birbaşa müdiri hərkəsin yanında onu zarafatla qarışıq ələ salır. Səhvləri artır. Onu işə dəvət edən rəhbər Seymurla söhbət edir və kəskin formada danlayır. Muhasib hər kəsə onun 1000 manat maaş aldığını deyir. Komanda yoldaşları ona qarşı daha da sərtləşirlər.
Seymur artıq vəziyyətə dözmür. Rəhbər onunla sərt danışır və ondan gözlədiyini ala bilmədiyi üçün işdən çıxarır.
İdarəçilərə, mütəxəssis və gənc əməkdaşlara MƏSLƏHƏTLƏRİM:
– özünüzü, uğurlarınızı və nəticələrinizi doğru qiymətləndirin;
– şirkət daxilində ab-havanın sağlamlığı, rəhbərin insanlara müsbət şərait yaratması qiymətsizdir;
– işləmək üçün şirkət seçərkən çox diqqətli olun (bu məqalədə bu haqda yazılır :
– tam əmin ola bilərsiniz ki, bir insan heç vaxt şirkətdə tək sistemi dəyişə bilməz;
– əksər hallarda bir insanın uğurlu olması məhz ona təmin edilən şərtlərə bağlıdır – ən güclü üzgüçü belə bataqlıqda üzə bilməz, batar;
– əsla və əsla işinizi, peşənizi maaşla ölçməyin.
Hər kəsə peşəkar həyatında uğurlar arzu edirəm!
©Oxu