Macarıstanda parlament seçkilərində qalib gəlmiş “Tisa” partiyasının lideri Peter Madyar mayın 9-da Baş nazir vəzifəsini icra etməyə başlayacaq. Bu barədə o, “X” sosial şəbəkəsində məlumat verib.
Təyinat Dövlət Məclisinin (parlamentin) ilk iclasında baş tutacaq. Tarixi Macarıstan prezidenti Tamaş Şuyok müəyyən edib. “Tisa”nın liderinin sözlərinə görə, mərasimdən sonra Budapeştdə parlamentin yanında yerləşən Koşut meydanında ölkədəki siyasi dəyişikliklərə həsr olunmuş tədbir keçiriləcək.
Aprelin ortalarında keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, Peter Madyarın rəhbərlik etdiyi müxalif “Tisa” partiyası parlamentdə 199 yerdən 141-ni qazanıb. O, əvvəlki hakimiyyət tərəfindən təyin olunmuş prezident və digər yüksək vəzifəli şəxsləri mayın 31-dək könüllü istefa verməyə çağırıb, əks halda onların məcburi şəkildə vəzifədən uzaqlaşdırılacağını bildirib.
Madyar artıq bir neçə nazir postu üzrə namizədlərini açıqlayıb. Məsələn, o, Macarıstanın xarici işlər naziri vəzifəsinə Anita Orbanın təyin edilməsini təklif edib.





