Budapeşt “Türk axını”nın təhlükəsiz istismarının təmin edilməsini və “Şimal axını”na bənzər hər hansı təxribatı istisna etməyi vacib hesab edir.
Bunu Macarıstan xarici işlər naziri Peter Siyatro “Rusiya Enerji Həftəsi”ndə çıxışında bildirib.
“Biz Rusiyanın enerji mənbələrini enerji balansımızıdan xaric edə bilmərik, ona görə də “Türk axını”nın təhlükəsiz işləməsi bizim üçün son dərəcə vacibdir. Biz “Şimal axını”nda törədilən partlayışlardan narahatıq və şoka düşürük. Bu, Avropa enerji təhlükəsizliyi sahəsində yeni ölçüdür, çünki hücum Avropanın strateji infrastrukturuna qarşı həyata keçirilib. Biz “Türk axını” ilə bağlı hər hansı bu kimi insidentlərin qarşısını almaq istərdik. Bu boru kəmərinə qarşı təxribat olarsa, bizim enerji təchizatı təhlükəsizliyimiz yox olacaq”, – deyə Macarıstan XİN başçısı vurğulayıb.