Bu ilin üçüncü rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 412,7 milyon türk lirəsi təşkil edib.
Banker.az bildirir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, cari ilin doqquz ayında “Petkim”in xalis mənfəəti 915,4 milyon lirə olub.
Şirkət əvvəlki ilin eyni rübündə 374,1 milyon lirə, ümumilikdə 2017-ci il üzrə isə 1,4 milyard lirə xalis mənfəət əldə etmişdi.
Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir. “Petkim” Türkiyənin neft-kimya məhsuluna olan tələbatının 20 faizini qarşılayır.
SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.
AzerTag